10 C
Baku
Thursday, December 12, 2024

Yaponiya Çinin Tayvan yaxınlığında keçirdiyi hərbi təlimlərdən narahatdır

Yaponiya Çinin ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri zamanı bu ada yaxınlığında keçirdiyi hərbi təlimlərdən narahatlığını bildirib və hər iki tərəfi problemi danışıqlar yolu ilə həll etməyə çağırıb.

Bu fikirləri Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno avqustun 3-də Tokioda keçirilən mətbuat konfransında səsləndirib. Baş katib əlavə edib ki, Tayvan körfəzində sabitlik yalnız Yaponiyanın deyil, bütün dünyanın təhlükəsizliyi üçün zəruridir.

“Ümid edirik ki, Tayvan məsələsi sülh yolu ilə, danışıqlar vasitəsilə həllini tapacaq”, – deyə baş katib vurğulayıb. Əlavə edib ki, Yaponiya ABŞ Konqresinin Nümayəndələr Palatasının sədrinin son 25 ildə ilk dəfə Tayvana səfərini regionun təhlükəsizliyinə təsirinə görə diqqətlə izləyir.

Qeyd edək ki, bu səfər Çin ilə ABŞ arasında münasibətlərdə gərginliyin kəskin artmasına səbəb olub. Rəsmi Pekin N.Pelosinin özünü müstəqil dövlət kimi qələmə verən Tayvan adasına səfərinə bir neçə dəfə sərt etirazını bildirib. Çin Xarici İşlər və Milli Müdafiə nazirliklərinin rəsmiləri Nensi Pelosinin Tayvana səfərinə Çin ordusunun lazımi cavab verəcəyini bəyan ediblər.

İyulun 28-də Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin ABŞ Prezidenti Co Bayden ilə virtual görüşdə Tayvan mövzusuna toxunaraq, “od ilə oynayanın sonda özünü yandıracağ”ını deyib. ABŞ tərəfi isə həmin səfərin Tayvana münasibətin dəyişməsi siqnalı kimi qəbul edilməsinin düzgün olmadığını bildirib.

Qeyd edək ki, Asiyaya səfəri çərçivəsində N.Pelosi cari həftənin sonlarında Yaponiyanı ziyarət etməyi və Baş nazir Fumio Kişida ilə görüşməyi də planlaşdırır.

H.Matsuno Yaponiya hökumətinin Tokioya gözlənilən bu səfəri ikitərəfli münasibətlərin inkişafına göstərəcəyi müsbət təsirinə görə alqışladığını deyib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər