-1 C
Baku
Sunday, December 15, 2024

Yaponiya və Cənubi Koreya ticarət müharibəsi astanasındadır

Yaponiya ilə Cənubi Koreya arasındakı uzun sürən ziddiyyət diplomatiyadan kənara çıxıb. Nəticə olaraq, dünyanın ən böyük iqtisadiyyatları ticarət müharibəsi astanasındadır.

Banker.az xəbər verir ki, rəsmi Vaşinqtonun şimal-şərqi Asiyadakı iki müttəfiqi arasında yeni qarşıdurma, təkcə qlobal elektronika tədarük zəncirinə deyil, həm də regional geosiyasətdə seysmik dəyişiklərə təhlükə yaradır. Bununla yanaşı, hər iki tərəf qarşıdurmanın genişlənməsini istəmirlər. Yaponiya və Cənubi Koreya arasındakı vasitəçi kimi ənənəvi olaraq Vaşinqton çıxış edir.

Yaponiya hökuməti bu ayın əvvəlində Cənubi Koreyaya yüksək texnologiyalı materialların ixracı ilə bağlı yeni məhdudiyyətlərin tətbiq olunduğunu elan edərək, iki ölkənin qarşılıqlı etimad əsasında qurulan münasibətlərinə “əhəmiyyətli ziyanlara” istinad edib. İndi Cənubi Koreyaya yarımkeçiricilər, smartfonlar və televizorlar üçün displey istehsalında istifadə olunan üç növ materialların (ftorlaşdırılmış polimid və hidrogen, rezistorlar) ixracı üçün fərdi ərizə tələb olunacaq.

İki ölkə arasındakı münasibətlərin pisləşməsi 1910-1945-ci illərdə, Yaponiyanın Koreya yarımadasını müstəmləkə altına saldığı dövrdə başlayıb.

Cari ilin oktyabr ayında isə Koreya Respublikasının Ali Məhkəməsi 2013-cü ilin qərarını qüvvədə saxlamaq qərarına gəlib: Yaponiyanın “Nippon Steel & Sumitomo Metal Corp.” şirkəti İkinci Dünya müharibəsi dövründə öz zavodlarında məcburi əməyə görə Cənubi Koreya əsilli işçilərinə təzminat ödəməlidir.

Yeni məhdudiyyətlər Cənubi Koreyanın “Samsung Electronics Co”, “SK Hynix Inc” və “LG Display” şirkətlərinə zərər verəcək. Yapon şirkətləri isə öz növbəsində, dəyərli müştərilərini itirmiş olacaq.

Qeyd edək ki, Cənubi Koreyanın xarici işlər nazirinin ABŞ-ın dövlət katibinə müraciət etməsinə baxmayaraq, Vaşinqton bu məsələdə vasitəçilik etməkdən imtina edib.

Yaponiya mübahisənin genişlənməsinə hazırlaşır. Belə ki, artıq avqust ayında Koreya Yaponiyanın elektron komponentlərini idxal edə biləcək ölkələrin “ağ siyahısından” çıxarıla bilər.

Əgər bu baş versə, Koreyanın avtomobil sektoru da təhlükə altına düşmüş olacaq.

Son xəbərlər
Digər xəbərlər