Yaponiyada ötən il hər qadına düşən doğum səviyyəsi (doğum əmsalı) 1.2-yə enib.
Bu rəqəm son 8 ildə ölkədə müşahidə olunan azalmanın fonunda ən aşağı göstəricidir. Paytaxt Tokio üzrə bu göstərəci 0.99 təşkil edib.
Ümumiyyətlə, son 8 ildir Yaponiyada doğulan uşaqların sayında azalma müşahidə olunur. 2023-cü ildə doğum sayı əvvəlki illə müqayisədə 5.1 faiz azalaraq 758 min 631-ə, nikahların sayı isə 5.9 faiz azalaraq 489 min 281-ə enib. Son 90 il ərzində ilk dəfə bu rəqəm 500 mindən aşağı düşüb ki, bu da əhalinin getdikcə daha da azalacağından xəbər verir.
Qeyd edək ki, Yaponiya hazırda əhalisi sürətlə azalan və qocalan ölkələr siyahısındadır. Ardıcıl 14 ildir ki, əhalinin sayında azalma müşahidə olunur. Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinin hesabatına əsasən, bu gedişlə ölkə əhalisinin sayı 2070-ci ilədək 30 faiz azalaraq, 87 milyon nəfərə düşəcək. Həmin dövrdə ölkədə yaşı 65-dən yuxarı olanların sayı 33 milyonu ötərək əhalinin 38 faizini təşkil edəcək ki, bu da sosial təminat xərclərinin kəskin artmasına səbəb olacaq.