Yaponiyada qızılın qiyməti investorların bu aktivə artan marağı fonunda yenidən tarixi maksimumunu yeniləyib.
Bunu treyderlərin və ticarətin məlumatları sübut edir.
Ölkənin ən böyük qiymətli metal istehsalçılarından və satıcılarından biri olan Tanaka Kikinzoku çərşənbə axşamı 1 q qızılın pərakəndə satış qiymətini 9 446 yen (indiki məzənnə ilə 70.9 dollar) səviyyəsində müəyyən edib. Sonuncu dəfə tarixi maksimum aprelin 5-də yenilənib.
Bu arada, Tokio Fond Birjasında ticarət milli valyutanın dollar qarşısında zəifləməsi fonunda indekslərin artması ilə açılıb. Ölkənin 225 aparıcı şirkətinin səhmlərinin qiymətlərindəki dalğalanmaları əks etdirən Nikkei indeksi 0.9% bahalaşaraq 27 882 punkta yüksəlib.
Dollar yen qarşısında 1% möhkəmlənərək 1 dollar üçün 133.39-133.41 yen həddinə çatıb. Milli valyutanın zəifləməsinin əsas amili Yaponiya Bankının (mərkəzi bank) yeni rəhbəri Kazuo Uedanın sələfi Haruhiko Kurodanın 10 il ərzində yürütdüyü boş pul siyasətini davam etdirmək niyyətində olduğunu vurğulayan bəyanatları olub.