14 C
Baku
Thursday, May 2, 2024

Londondan olan sadə mühəndis dünyanı necə yay vaxtına keçirdi?

Yay vaxtına keçid təcrübəsi 100 il əvvəl Böyük Britaniyada tətbiq edilib və tezliklə digər ölkələr də bu təcrübəni sınaqdan keçirmək qərarına gəlmişlər. Bütün bunlar isə bir əzmkar ingilisin səyləri nəticəsində baş vermişdir.

William Willet Londonun şəhər ətrafı olan Çizlherstdə yaşayırdı. O ixtisas baxımından inşaatçı idi və nə yoxsul, nə zəngin, orta dərəcədə həyat sürürdü. Onun cəhdləri olmasa idi Böyük Britaniya (ABŞ-da daxil olmaqla dünya ölkələrinin dörddə biri) yay vaxtına keçmək təcrübəsindən istifadə etməyəcəkdi.

Willet təmiz havada zaman keçirməyi çox sevirdi. Bir dəfə 1905-ci ilin yay səhərində o öz atı ilə gəzintiyə çıxmışdı və bu zaman bir çox evlərin parlaq səhər günəşinin şüasından qorunmaq üçün pərdələrini bərk-bərk örtdüklərinin şahidi olur.

Bununla əlaqədar o düşünür ki, yayın əvvəlində saatları bir saat irəli çəksək necə olar?!

Bir faktı qeyd etmək lazımdır ki, saatın geri və yaxud irəli çəkilməsini ilk düşünən Willet olmamışdır. Belə ki, hələ qədim sivilizasiyalar ilin fəsillərindən asılı olaraq günü uzadıb və yaxud qısaldırdılar. Məsələn, roma saatı qışda 44, yayda isə 75 dəqiqə uzadılırdı.

1895-ci ildə isə Yeni zellandiyalı entomoloq Corc Hanter hər il saatları iki saat dəyişmək iddiasını irəli sürsə də, onun ideyası dəstəklənməmişdi. 1901-ci ildə Britaniya kralı VII Eduard daha çox ov edə bilsin deyə Sandringem sarayında saatı 30 dəqiqə geri çəkmişdi.

Lakin saatın rəsmi olaraq yay vaxtına keçirilməsinə məhz Willet nail olmuşdu.

Willet 1907-ci ildə öz vəsaiti ilə “Gün işığının boşa sərf edilməsi” (Waste of Daylight) adlı pamflet nəşr etdirir və burada təklif edir ki, aprel ayında saatlar bir neçə dəfə 20 dəqiqə olmaqla çəkilsin və bu əməliyyat sentyabr ayında geri edilsin. Willet-in fikrincə bu əməliyyatla eyni zamanda istirahət üçün faydalı zamanı uzatmaq və işıqlandırmaya sərf edilən xərcləri azaltmaq olar.

Devid Lloyd Corc da daxil olmaqla bir çox məşhur siyasətçilər, o cümlədən Uinston Çörçill  bu ideyanı dəstəkləyir. “Daylight Saving Bill” adlı qanun layihəsinin müzakirəsi zamanı Şerlok Holms-un müəllifi Artur Konan Doyl da onu dəstəkləyənlər sırasında idi.

1909-cu ildə qanun layihəsi parlament səsverməsi üçün təxirə salınır. Layihə daha sonradan bir neçə dəfə təxirə salınmalar yaşamağa məcbur olur. Lakin buna baxmayaraq Willet ruhdan düşmürdü və 1915-ci ildə qripdən dünyasını dəyişənə qədər Britaniya, Avropa və Amerikada ideyasının aktiv kampaniyasını keçirirdi. Bununla belə, onun ölümündən 1 il sonra onun təklifinin nəzərdən keçirilən variantı müharibə səbəbindən nəhayət ki qüvvəyə minir.

Birinci dünya müharibəsinin başlamasından iki il sonra Britaniyada sənaye və yaşayış üçün yanacaq rolunu oynayan kömürə güclü şəkildə çatışmazlıq hiss olunmağa başlayır.

Willet-in təklifi problemi o cəhətdən həll edəcəkdi ki, həm axşam saatlarında havanın işıqlı olmasını təmin edəcək, həm də kömür işıqlandırılmasına olan tələbatı azaldacaqdı.

Almaniya 30 aprel 1916-cı ildə yay vaxtına keçid ilə bağlı qanun qəbul edir və Britaniya dərhal bu addıma uyğun olaraq həmin ilin 17 may tarixində analoji qərar qəbul edir. Yeni qanuna əsasən, hər il saatların əqrəbi Qrinviç saatına uyğun olaraq bir saat irəli çəkilir və ölkə yay vaxtına keçir.

Tezliklə, ABŞ, Uruqvay, Yeni Zellandiya, Çili və Kuba, həmçinin bir neçə Avropa ölkəsi də yay vaxtına keçid ilə bağlı qanun layihəsi qəbul edir.

Britaniya tarixində verilmiş bu qərardan yayınmalar da yaşanmışdı. Belə ki, İkinci dünya müharibəsi zamanı sənaye gecikmələrini azaltmaq məqsədilə saatlar iki saat irəli çəkilmiş və bu “İkiqat yay vaxtı” adlandırılmışdı.

Ümumilikdə belə hesab edilir ki, yay vaxtına keçid pərakəndə satışa, idman və turizmə müsbət, kənd təsərrüfatı və poçt xidmətinə mənfi təsir edir.

Saat əqrəblərinin çəkilməsi bəzən siyasi alət qismində istifadə olunur. Keçən ilin avqust ayında Şimali Koreyanın müstəqilliyinin 70-illiyinin qeyd edilməsi ilə əlaqədar olaraq burada saatların əqrəbləri 30 dəqiqə geri çəkilmişdi. Ölkə bununla yapon işğalından əvvəlki saat qurşağına geri dönmüş oldu.

Son xəbərlər
 ⁠
Digər xəbərlər