Yeddi OPEC+ ölkəsi 2026-cı ilin iyun ayında neft hasilatı kvotasının sutkada 188 000 barel artırılması barədə razılığa gəlib. Bu, mayın 3-də keçirilmiş iclasın yekunlarına dair kommünikedə əks olunub.
Bəyanatda qeyd olunur ki, hasilatın artırılması barədə razılığa Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman gəlib. OPEC+-ın məlumatına görə, iyun ayından etibarən Səudiyyə Ərəbistanı və Rusiya hasilatı gündəlik 62 000 barel, İraq 26 000 barel, Küveyt 16 000 barel, Qazaxıstan 10 000 barel, Əlcəzair 6 000 barel və Oman 5 000 barel artıra biləcək.
Kommünikedə həmçinin bildirilib ki, qərar neft bazarında sabitliyin qorunması məqsədilə qəbul edilib. Yeddi OPEC+ ölkəsinin növbəti iclası iyunun 7-də keçiriləcək.
Bundan əvvəl “Reuters” xəbər vermişdi ki, yeddi OPEC+ ölkəsi iyunda hasilat kvotasının artırılması barədə ilkin razılığa gəlib. Bu qərar BƏƏ-nin OPEC və OPEC+ təşkilatlarından qəfil çıxması fonunda qəbul olunub. Agentlik qeyd edib ki, bu addım daha çox simvolik xarakter daşıyır, çünki Yaxın Şərqdə hasil olunan neft Hörmüz boğazının blokadası səbəbindən bazarlara çıxarıla bilmir.
Aprelin sonunda BƏƏ cari ilin mayın 1-dən OPEC və OPEC+ təşkilatlarından çıxdığını elan edib. KİV-lər yazırdı ki, buna səbəb ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı, İranın Əmirliklər ərazisinə zərbələri, eləcə də Birləşmiş Ərəb Əmirlikləri-nin hasilatı artırmaq istəyi olub ki, bu da son illərdə Səudiyyə Ərəbistanı ilə ziddiyyətlərə gətirib çıxarırdı.
OPEC+ hazırda 21 dövləti birləşdirir. Bununla belə, son illərdə yalnız yeddi ölkə və BƏƏ aylıq hasilat qərarlarının qəbulunda iştirak edirdi, “Reuters” yazır.







