ABŞ-nin maliyyə naziri Janet Yellen iyulun 9-dək Çində səfərdə olacaq və bu ölkənin yüksəkvəzifəli məmurları ilə görüşəcək.
Janet Yellenin ÇXR Sədri Si Cinpinlə görüşü planlaşdırılmır, lakin ABŞ maliyyə naziri ÇXR Dövlət Şurası sədrinin (Baş nazir) iqtisadi məsələlər üzrə müavini Xe Lifen ilə danışıqlar aparacağını nəzərdə tutur.
ABŞ Maliyyə Nazirliyi iyulun 2-də Vaşinqton və Pekinin səfərlə bağlı razılığa gəldiyini açıqlayıb. İyulun 3-də ABŞ-ın maliyyə naziri Çinin Vaşinqtondakı səfiri ilə görüşüb, bir sıra ikitərəfli iqtisadi məsələləri müzakirə edib.
Birləşmiş Ştatlar qarşıdakı danışıqların gündəliyinə qlobal borc yükünün həlli sahəsində əməkdaşlığı, iqlim dəyişikliyi ilə mübarizə sahəsində birgə işi, bir sıra makroiqtisadi məsələləri və ikitərəfli münasibətlərin məsuliyyətli idarə olunması problemini daxil etmək niyyətindədir.