22 C
Baku
Friday, April 19, 2024

Yeni ildə maşınlar bahalaşacaq

Yeni il avtomobil həvəskarları üçün heç də ürəkaçan başlamayacaq. Belə ki, Vergilər Məcəlləsinə edilən dəyişikliklərə əsasən 2019-cu il yanvarın 1-dən Azərbaycana gətirilən avtomobillərə tətbiq olunan aksiz vergisi kəskin şəkildə artırılır.

Dəyişikliyə əsasən idxal olunan avtomobillərin mühərrikinin həcmi 2000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə aksiz vergisi 0.20 manatdan 0.30 manatadək yüksəldilib. Yeni ildən mühərrikinin gücü 2 litr olan avtomobil üçün aksiz vergisi 400 manatdan 600 manata, 2,2 litr olan 1000 manatdan 1600 manata, 2,5 litr olan 1900 manatdan 3100 manata, 3 litr olan 3400 manatdan 5600 manata, 3,5 litr olan 7400 manatdan 12100 manata, 4 litr olan 11 400 manatdan 18 600 manata, 4,5 litr olan 21 400 manatdan 36 100 manata, 5 litr olan 31 400 manatdan 53 600 manata, 5,5 litr olan 51 400 manatdan 88 600 manata, 5,7 litr olan 59 400 manatdan 102 600 manata qaldırılır.

Bəzi mütəxəssislər hesab edirlər ki, avtomobil idxalına aksizlərin artırılması Avropada dizel yanacağı ilə işləyən avtomobillərin qadağan olunması ilə bağlıdır. Belə ki, 2019-cu il yanvar ayından Avropada Avro4 və Avro5 standartlı dizel mühərriki ilə işləyən avtomobillərin istismarı qadağan ediləcək. Bu isə həmin avtomobillərin kütləvi şəkildə Azərbaycana idxalına gətirib çıxaracaq. Amma maraqlıdır ki, artımlar əsasən yeni avtomobillərə tətbiq olunur.

İqtisadçı-eskpert Vüqar Bayramov bildirir ki, dəyişikliklərin gələn ildən qüvvəyə minəcəyinə baxmayaraq, artıq avtomobil bazarında qiymət artımları müşahidə edilməkdədir: “Mühərrik gücü böyük olan avtomobillərin idxalına tətbiq edilən aksiz vergilərinin artırılmasını fiskal baxımdan əsaslandırmaq mümkün olsa da, kiçik mühərrikli avtomobillərin idxalındakı vergilərin yüksəldilməsi izahedilən deyil. Avtomobil idxal aksiz vergilərinin mütəmadi olaraq artırılması ölkədə avtomobil parkının köhnəlməsinə səbəb olur. Bu baxımdan, növbəti illər bu faktor ekoloji, tıxac baxımdan problemlər yarada bilər. Buna görə də mühərrikin həcmi 2000 kubsantimetrədək olan avtomobillərin idxalına tətbiq edilən aksiz vergilərin artırılmasına ehtiyac yox idi. Eyni zamanda gücü 3000 kubsantimetrədək olan avtomobillərdə vergi artımının da cüzi olması məqsədəuyğun idi”.

İqtisadçı-ekspert Pərviz Heydərov avtomobillər üçün aksizlərin artırılmasının bir neçə mənfi nəticələri olacağı qənaətindədir: “Gələn il ölkəyə avtomobil idxalına tədbiq edilən aksiz vergisi dərəcələrinin artırılması tamamilə absurd bir məqsəd daşıyır. Bu tədbir hərtərəfli olaraq ölkəyə ziyandır. Birincisi, ölkəyə təzə avtomobillər gətirilməsi daha da azalacaq. İkincisi, dövlət büdcəsinə bundan gəlirlər minimuma enəcək. Üçüncüsü, ölkədə əhali arasında ayrı-seçkilik daha da dərinləşəcək. Dördüncüsü, ölkədə bu qədər gözəl və rahat avtomobil yollarının salınmasının nə əhəmiyyət daşıdığı məlum olmayacaq. Beşincisi, ölkə ucuz və keyfiyyətsiz avtomobillərin məskəninə çevriləcək. Altıncısı, bu addımla yerli avtomobil istehsalını artırmaq istəyi nəinki baş tutacaq, əksinə, daha da qeyri-stimul xarakter daşıyacaq”.

Ekspert bildirir ki, bu addımın məqsədi aydın deyil: “Hələ də bizə aydın deyil ki, yerli istehsalı stimullaşdırmaq və yaxud daxili bazarı qorumaq, o cümlədən də dövlət büdcəsinə gəliri artırmaq üçün ölkəyə bahalı məhsulların idxalını məhdudlaşdırma siyasəti yürütmürlər, əksinə, real rəqabət şəraiti yaratmaq məqsədilə liberallaşdırırlar. Çünki bu özü əhalinin imkanlı təbəqəsinin gəlirlərini həm də üzə çıxartmaq üsullarından biri xarakter daşıyır”…

Daha bir iqtisadçı Natiq Cəfərli isə bildirir ki, avtomobil idxalına yüksək vergilərin təyin olunması bir çox dünya ölkələrində tətbiq olunan praktikadır: “Bunu elə ölkələr edirlər ki, onların özlərinin yerli avtomobil istehsalı var. Öz daxili bazarlarını, istehsalçılarını qorumaq üçün bu addımı atırlar. Azərbaycanda demək olar ki, daxili istehsal yoxdur. Bir neçə dəfə cəhd ediblər avtomobil istehsalı üçün, hər dəfə də uğursuz olub. Ona görə də bu addımın yeganə məqsədi kimi büdcə gəlirlərinin artırılması çıxış edir. Büdcə gəlirlərinin bir xeyli hissəsini avtomobil idxalından tutulan vergi və rüsumlar təşkil edir. Növbəti il üçün bunu daha da artırmaq istəyirlər”.

Ekspertin sözlərinə görə, aksizləri artırmaqla yanaşı, ölkənin avtomobil parkının yenilənməsi, ekoloji tələblərin qorunması məqsədi daşıyan addımların da atılması zəruri idi: “Məsələn, elektriklə işləyən, hibridlə işləyən avtomobillərin idxalına sıfır gömrük rüsumu, sıfır aksiz tətbiq olunsaydı, bunun məntiqini anlamaq olardı ki, ekoloji baxımdan, tıxac probleminin həlli baxımından, yeni texnologiyaların Azərbaycana gəlişinin təşviqi baxımından atılır bu addımlar. Bir çox ölkələr bunu edirlər: elektriklə, alternativ enerji ilə işləyən avtomobillərin idxalı vergi və rüsumlardan azad olunur. Azərbaycanda isə ancaq aksizlər artırılır. Və bunun nəyə xidmət etdiyi, strateji olaraq hədəfin nə olduğu aydın görünmür”.

N.Cəfərli qeyd edir ki, bu addım ölkədə avtomobillərin bahalaşmasına, ucuz və keyfiyyətsiz, işlənmiş avtomobil idxalının artmasına gətirib çıxaracaq: “Daha az vergi ödəmək üçün daha ucuz, işlənmiş avtomobillər gətiriləcək. Bu isə həm də ekoloji baxımdan arzuolunmayan bir prosesdir. Digər tərəfdən, avtomobil bazarında durğunluq yaranacaq. Çünki bahalaşma olacaq, kreditləşmənin getdikcə azaldığı bir zamanda qiymətin qalxması alıcılıq qabiliyyətini aşağı salacaq. Bu isə idxalın azalması, büdcəyə gözləniləndən daha az vəsaitin daxil olmasına gətirib çıxara bilər. Yəni hökumətin gözlədiyinin tam əksinə bir effekti ola bilər”.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən bu ilin yanvar-noyabr aylarında Azərbaycana 22 714 ədəd avtomobil idxal olunub. Bunun 20 429-u əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələridir. Ötən ilin eyni dövründə ümumi idxal cəmi 9 828 ədəd avtomobil olub ki, bunun da 8 577-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləridir.

Son xəbərlər
Digər xəbərlər