“İmtahan modellərinin dəyişdirilməsi təhsil sistemində tez-tez baş verən proses deyil. Uzun illər bu barədə danışarkən əsasən imtahanın dürüstlüyü, ədalətliliyi prinsiplərinə diqqət etmişik”.
Bunu “Yeni imtahan modeli: islahatlar, nəticələr və gözləntilər” mövzusunda keçirilən konfransda çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib.
Nazir qeyd edib ki, uzun müddət ərzində ölçülməyən biliklər unudula bilər: “Ona görə də bu gün əmək bazarında tənqidi təfəkkür, qeyri-standart yanaşma, komandada işləmək, kreativlik və bir sıra bu kimi kompetensiyalara diqqət yetirdikdə görürük ki, məzunlarımızın bu sahədə kifayət qədər çox axsadığı istiqamətlər mövcuddur. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, yeni imtahan modelinin tətbiqinə çox ciddi ehtiyac var”.
C.Bayramov deyib ki, Təhsil Nazirliyi son bir neçə il ərzində Dövlət İmtahan Mərkəzi ilə bu istiqamətdə sıx əməkdaşlıq edib: “Yeni imtahan modelinə əsasən, buraxılış imtahanlarının şagirdlərin gələcək taleyinə təsir etməsi çox əhəmiyyətli dəyişiklikdir. Çünki 11 il ərzində keçirilən biliyin təhsilin növbəti pilləsinə daxil olmaq üçün nəzərə alınması olduqca vacibdir. Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğuya əsasən görürük ki, respondentlərin 60 faizi məhz yeni imtahan modelində orta məktəblə ali məktəb arasında əlaqənin qurulmasını çox müsbət qəbul edib. Ən vacib məqam ondan ibarətdir ki, yeni imtahan modeli XXI əsrin tələb olunan bacarıqlarının ölçülməsini özündə ehtiva edir. Bu modeldə tələb olunan riyazi və məntiqi təfəkkür, mətnlə işləmək, yazı qabiliyyəti və digər bacarıqlarını ölçülməsi olduqca vacibdir. Bu imtahan modeli əvvəlki modellə müqayisədə daha yüksək bacarıqları ölçməyə imkan verir. Bu da olduqca vacib istiqamətidir. Növbəti vacib məqam odur ki, yeni imtahan modelində fənlərin sayında azalma var. Nəzərə alaq ki, buraxılış imtahanları ali məktəblərə qəbul zamanı nəzərə alınır. Əvvəlki modeldə isə həm buraxılış, həm də qəbul imtahanları Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilirdi. Yalnız qəbul imtahanlarının II mərhələsinin nəticələri abituriyentin gələcək həyatına təsir edirdi. Yəni imtahan modelinə əsasən isə, II mərhələdə imtahan fənlərinin sayında azalma var. Hesab edirik ki, bu, həm qiymətləndirmə yükünün azaldılması, həm də abituriyentlərin imtahanlara psixoloji baxımdan daha rahat olması üçün əhəmiyyətli dəyişiklik olacaq. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, bu il ərzində müxtəlif sahələrdə özünü doğruldan 100 gənc ali məktəbə müsabiqədən kənar qəbul olunub”.
Nazir deyib ki, bu dəyişiklik növbəti illərdə çox müsbət nəticələr verəcək.
©APA