-3 C
Baku
Sunday, December 15, 2024

Yeni rəhbərlik “Azərpoçt”u xalis mənfəətə necə çıxarıb?

Dövlətə məxsus milli poçt şəbəkəsinin operatoru “Azərpoçt” MMC əlindəki nağd vəsaitlərindən gəlir əldə etmək üçün investisiya portfelini bir qədər də yüksəldib. Bu maliyyə aləti hesabına gəlirlər kəskin artıb. Şirkətin xalis mənfəətində investisiya gəlirlərinin böyük payı var.

Banker.az bu barədə şirkətin audit hesabatına istinadən xəbər verir.

Hesabatda qeyd edilir ki, “Azərpoçt” 2022-ci ildə investisiya qiymətli kağızlar üzrə portfelini 312.67 mln. manata qaldırıb. Bunun da 148.14 mln. manatı uzunmüddətli və 164.53 mln. manatı isə qısa müddətli olub.

2021-ci ildə şirkətin 192.82 mln. manat investisiya qiymətli kağızlar portfeli vardı. Bunun 99.35 mln. manatı uzunmüddətli və 99.32 mln. manatı isə qısa müddətli investisiya qiymətli kağızlar olub.

İnvestisiya qiymətli kağızlar deyildikdə, dövlət və korporativ istiqrazlar, səhmlər və s. olur.

Adətən şirkətlər əllərindəki nağd vəsaiti inflyasiyadan qorumaq və ya əlavə gəlir əldə etmək üçün bu alətdlərdən istifadə edirlər. “Azərpoçt”un da yeni rəhbərliyi bu imkanı əldən qaçırmayıb. Şirkət 2022-ci ildə istiqraz portfelini 62% artırıb.

Yeri gəlmişkən, hazırda şirkətin İdarə Heyətinin sədri Əfqan Cəlilovdur. O, 2021-ci ilin martından “Azərpoçt”un Baş direktoru vəzifəsinə təyin edilib. Cəlilov maliyyə alətləri bazarında təcrübəli kadrdır. Onun son iş yeri “AG Bank” ASC-dir. O, bankın İdarə Heyətinin sədri olub.

Yeni rəhbərliyə qədər “Azərpoçt”un aktivlərində investisiya qiymətli kağızlar portfeli əks etdirilmirdi. Bu sahəyə maraq böyük deyildi.

“Azərpoçt” 2022-ci ildə investisiya fəaliyyətindən 10.31 mln. manat gəlir əldə edib və bu, 2021-ci illə müqayisədə 2.4 dəfə çoxdur. Şirkətin 2022-ci il üzrə xalis mənfəəti cəmi 54.88 mln. manat gəlirə qarşı 4.33 mln. manat təşkil edib. O, öncəki ildə 5.43 mln. manat xalis zərər etmişdi.

Bir sözlə investisiya qiymətli kağızlardan əldə edilmiş 6.08 mln. manatlıq əlavə gəlir onun mənfəət etməsi üçün əsas drayver olub.

Milli poçt şəbəkəsinin operatorunun “kassasında” 1 yanvar 2023-cü il tarixinə 251.54 mln. manat ekvivalentində vəsaitlər var. Bununla belə, nəzərə alınmalıdır ki, onun 540.56 mln. manatlıq müştəri hesabları var.

Son xəbərlər
Digər xəbərlər