6 C
Baku
Sunday, December 15, 2024

Yeni reallıqlar: Ermənistan iqtisadiyyatının gözlənilən çöküşü

Hərbi vəziyyətin elan edilməsindən və 55 yaşadək kişilərin hərbi xidmətə çağırılmasından sonra tam səfərbərlik rejiminin tətbiq edilməsi, demoqrafik göstəriciləri onsuz da aşağı olan Ermənistanda əməktutumlu sektorların fəaliyyətini xeyli məhdudlaşdırdı. Bir çox yerli sahibkar istehsal fəaliyyətini dayandırmaq məcburiyyətində oldu. Döyüşə gedən mikro-sahibkarlar biznesdən uzaqlaşdılar, kiçik və orta iş adamları isə işçilərin əksəriyyətinin səfərbər olması və nəticədə işçi qüvvəsinin çatışmazlığı səbəbindən məhsuldarlığın kəskin azaldığını müşahidə etdilər.

Pandemiyanın təsiri nəticəsində avqust ayında iqtisadi fəaliyyətdə ilin əvvəlində qeydə alınan göstəricilərlə müqayisədə (Ermənistan Statistika Komitəsinin rəsmi açıqlamasına uyğun olaraq) 17,4% azalma baş verdi və bu, ölkə iqtisadiyyatına ağır zərbə endirdi. Üstəlik, Ermənistanın sərhəddə ciddi itkilər verməsi və işçi qüvvəsinin səfərbər olması, bu mənfi tendensiyanın daha da dərinləşməsinə yol açdı.

Artıq müxtəlif media mənbələrində erməni sahibkarların müəyyən çətinliklərlə üzləşdikləri barədə materiallar görmək olar. İş adamlarının sözlərinə görə, istehsal prosesinin qismən və ya tam dayandırılması onların gəlirinə təsir göstərir ki, növbəti ayda vergi ödəmələrində kəskin azalma gözlənilir. Bununla əlaqədar olaraq, Ermənistanın Maliyyə Nazirliyinin verdiyi məlumata görə, bu il dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozlar yerinə yetirilməyəcək.

Erməni sahibkarların fikrincə, əmək ehtiyatlarının ölkə iqtisadiyyatının hərəkətverici qüvvəsi olan sektorlarda fəaliyyətini davam etdirməsi vacib şərtlərdən biridir. Mütəxəssislərin fikrincə, istehsalda böyük paya sahib olan müəssisələrin və strateji sahələrdəki işçi qüvvəsinin döyüşlərə deyil, biznesə cəlb edilməsi orduya və bütövlükdə dövlətə böyük fayda gətirəcək. Qeyd edək ki, Ermənistan təcavüzkar siyasəti ilə əlaqədar olaraq uyğun yaşda olan bütün kişiləri döyüşlərə cəlb etdi. Müqayisə üçün İkinci dünya müharibəsi zamanı istehsalda çalışanlar hərbi əməliyyatlara cəlb edilmirdi və bu, müharibənin ölkə iqtisadiyyatına göstərdiyi mənfi təsiri minimuma endirməyə imkan verdi.

Qeyd etmək lazımdır ki, dinc dövrdə əhalisinin dörddə biri yoxsulluqdan əziyyət çəkən Ermənistan, müharibə zamanı vətəndaşlarının maddi vəziyyətinin pisləşməsi (sosial ayırmaların və əmək haqlarının vaxtında ödənilməməsi səbəbindən) fonunda tələbin azalması problemi ilə üzləşəcək ki, bu da biznes sektorunun inkişafı üçün ağır zərbə olacaq.

Bundan əlavə, ölkənin hərbi itkiləri və məğlubiyyətə yaxın olması amili əlavə resurs tələb edir. Onsuz da yoxsul olan əhalinin fondlar yaratmaq yolu ilə orduya yardım etməyə cəlb edilməsi, Ermənistan vətəndaşlarının rifahını daha da pisləşdirir. Rasionallığını itirmiş və düşünülməmiş addımlara əl atan Ermənistan hökuməti bütün bunların sonun başlanğıcı olduğunu hələ dərk etmir. Və paralel olaraq bəzi erməni vətəndaşlar, xüsusən də sahibkarlar “müharibədən sonra həyat var!” şüarı ilə etirazlar qaldırırlar.

Ermənistanın sentyabr ayındakı son rəsmi statistikasına görə, təkcə koronavirusun təsirindən bağlanan pərakəndə satış müəssisələrinin sayı 1213, fəaliyyətini müvəqqəti olaraq dayandıranların sayı isə 5058-dir. Qeyd edək ki, bu, ölkədə fəaliyyət göstərən bütün pərakəndə satış obyektlərinin təxminən 50%-ni təşkil edir. İnşaat sektoruna gələndə, müəssisələrin 23-ü ləğv edildi, 231-i isə fəaliyyətini dayandırdı.

“Digər xidmətlər” sahəsində fəaliyyət göstərən şirkətlər arasında 234 müəssisə ləğv edildi, 1057 müəssisə fəaliyyətini müvəqqəti olaraq dayandırdı; peşə və elmi-texniki sahədə – 67-si ləğv edildi, 493-ü fəaliyyətini dayandırdı; inzibati sahədə – şirkətlərin qeydiyyatı ləğv edildi, 449 müəssisənin fəaliyyəti dayandırıldı; təhsil sahəsində – 21 şirkət ləğv edildi, 136-sı fəaliyyətini dayandırdı; səhiyyə və sosial xidmətlər sahəsində – müəssisələrin 10-u ləğv edildi, 120-si fəaliyyətini dayandırdı.

Hərbi əməliyyatların başlaması ilə əlavə olaraq yuxarıda göstərilən ərazilərdə fəaliyyət göstərən bir çox müəssisə bağlandı. Belə olduqda, miqrasiya səviyyəsi yüksək olan bir ölkədə (1000 insanın başına 5-6 nəfər) iqtisadi vəziyyətin pisləşməsi səbəbindən əmək resurslarının xaricə axını artacaq. Sosial problemlərə tab gətirə bilməyən yerli sakinlərin dövlətə qarşı çıxmaları da istisna deyil. Bəzi müəssisələr onsuz da müharibədən sonra dövlətdən təzminat tələb edəcəklərini iddia edirlər.

Xüsusilə, payız əkin mövsümündə xammal tədarük edən kənd təsərrüfatı sektorunda bir çox sahibkarın üzləşdiyi məhdudiyyətlər Ermənistanda məhsuldarlığın aşağı düşməsinə səbəb olacaq. Və bu da öz növbəsində sahibkarlıq subyektlərinə mənfi təsir göstərəcək, ərzaq tədarükünü azaldacaq. Tələbin azalması isə bildiyimiz kimi, məhsulun qiymətinin kəskin artacağını proqnozlaşdırmağa imkan verir. Ermənistan onsuz da ərzaq məhsullarının böyük hissəsini idxal edir, bu səbəbdən ölkədə daxili məhsuldarlığın aşağı olması qida böhranının başladığını sübut edir.

Ermənistanın əhalinin diqqətini həm sosial-iqtisadi böhrandan, həm də Azərbaycanın güclü əks-hücumundan yayındırmaq məqsədi ilə başlatdığı yeni müharibə böyük itkilərə səbəb oldu. Bununla da sosial və iqtisadi problemlərə hərbi məğlubiyyət də əlavə olundu. Paşinyan bu vəziyyətdən çıxmaq üçün xarici borclar, ianələr və yardımlara ümid edir. Xüsusilə, Rusiya və Avrasiya Birliyinin dəstəyinə güvənir, lakin Ermənistan hökumətinin Rusiyaya qarşı tutduğu xəyanətkar mövqeyi, o cümlədən rus sahibkarlarına və onların etdikləri sərmayələrə təzyiqləri, onun bu dəstəyi ala bilməyəcəyini proqnozlaşdırmağa imkan verir. Çünki nə Avrasiya Birliyi, nə də Rusiya etibarsız ölkənin yükünü çəkməkdə maraqlı deyil.

Məlumat üçün bildirək ki, Fitch artıq Ermənistanın kredit reytinqini aşağı salıb.

 

Son xəbərlər
Digər xəbərlər