Azərbaycan milli aviadaşıyıcısı olan “Azərbaycan Hava Yolları” QSC (AZAL) təyyarə parkının genişləndirilməsi çərçivəsində “Boeing” və “Airbus” hava gəmilərini tədricən 2029-cu ilədək ala bilər.
Bunu AZAL-ın birinci vitse-prezidenti Sabir İlyasov deyib.
Qeyd edək ki, AZAL-ın gələcək planlarına “Boeing” və “Airbus” kimi aparıcı istehsalçılardan 20-dən çox yeni nəsil təyyarənin əldə edilməsi daxildir (10 “Airbus A320Neo”, 8 “Boeing 787 Dreamliner” və 3 “Boeing 777” təyyarəsi).
İlyasovun sözlərinə görə, ilk növbədə “Airbus” təyyarələrinin alınması planlaşdırılır. Təyyarələrin alınmasına 2020-ci ildən etibarən başlanıla bilər.
“Yeni təyyarələrin alınması ilə bağlı danışıqlar prosesi davam edir. Son qərar hələ verilməyib”, – deyə AZAL-ın rəsmisi əlavə edib.
İlyasov AZAL-ın “Boeing” korporasiyasına sifariş verdiyi 10 “Boeing 737 MAX 8” təyyarələrinin alınmasından imtina etdiyini də xatırladıb: “Nəzərə alsaq ki, “Boeing 737 MAX” təyyarələrinin aqibəti hələ bilinmir, təyyarələr bazarında qıtlıq yaranıb. Bu təyyarələrə (“Airbus A320Neo” – red.) tələbat artıb, amma buna baxmayaraq “Airbus” hələ yaranan boşluğu tam doldura bilməyib”.
Onun sözlərinə görə, hazırda AZAL-ın aviaparkında 20-dən artıq sərnişin təyyarəsi var.
©APA