Yeni Zelandiya hökuməti Rusiyadan idxal edilən bütün mallara 35% rüsum tətbiq etmək niyyətindədir. Müvafiq bəyanat çərşənbə günü hökumətin saytında dərc olunub.
Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.
“Hökumət Rusiyadan idxal edilən bütün mallara 35% rüsum tətbiq edəcəyini və Rusiyanın strateji sənayeləri ilə sıx bağlı olan sənaye məhsullarına mövcud ixrac qadağalarını genişləndirəcəyini açıqlayıb”, – deyə mesajda bildirilir.
Məlumata görə, ixrac qadağası xüsusilə informasiya-kommunikasiya texnologiyaları və mühərriklərə aid avadanlıqlara şamil olunacaq. Yeni qaydalar aprelin 25-dən qüvvəyə minəcək.
Bundan əvvəl Yeni Zelandiya hökuməti rusların öz ərazisinə girişini məhdudlaşdırıb, həmçinin Rusiya Federasiyasının hərbi idarələri və təhlükəsizlik orqanları ilə əlaqəli müəssisə, təşkilat və fiziki şəxslərin istifadəsi üçün nəzərdə tutulan malların ixracını qadağan edib.