Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində noyabr ayında şirkətə məxsus təmir-tikinti alət və avadanlıqları oğurlayan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən xəbərə görə, noyabrın 18-də Yevlax RPŞ-yə “Kaskad Hidro” şirkətinə məxsus 6000 manat dəyərində təmir-tikinti alət və avadanlıqlarının oğurlanması barədə məlumat verilib. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini Vüsal Nəsibov, Mingəçevir şəhər sakinləri Elşad Məmmədov və Vahid Hacıyev saxlanılıb. Dindirilmə zamanı hər üç şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Oğurlanmış əşyaların yeri müəyyən edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.