23 C
Baku
Friday, May 24, 2024

Yoxsul və zənginlik

Qədim zamanlarda böyük sürülərə sahib varlı bir şəxs yaşayırdı. Ölümündən əvvəl o bütün sürülərini onun qəbrində onunla bərabər bir gün keçirəcək şəxsə vəsiyyət etdi.

Varlı öldükdə heç kim onu məzarda müşayiət etmək istəmədi. Nəhayət bütün sərvəti quyruqsuz bir uzunqulaqdan ibarət olan bir kənd yoxsulu bu şərtlə razılaşdı.

Yoxsulu varlı şəxsin məzarı ilə birgə bir sərdabəyə yerləşdirdilər, üzərini nəhəng daş lövhələrlə örtdülər və yalnızca nəfəs almaq üçün kiçik bir yer saxladılar. Yoxsul cəsədlə birgə qaldığı bu məzarda qorxu hissi keçirsə də, nə etməli? Dözməli idi.

Gecə yarısı məzar işıqlandı və lövhələrin birini aralayaraq iki mələk məzara daxil oldu.

— Hansını birinci mühakimə edək? — deyə mələyin biri soruşdu.

Digər mələk cavab verdi:

— Birinci canlı olanını mühakimə edək. Ölü onsuzda bizdən qaça bilməyəcək!

Bunu deyərək onlar yoxsulu həyatı və işləri barədə sorğu-suala tutmağa başladılar. O öz uzunqulağına pis davrandığı üçün, yəni vaxtında yemini və suyunu vermədiyi üçün xüsusən cəzalandırıldı. Hətta uzunqulağın sözə baxmadığı zamanlarda onu döydüyünü də onun yadına saldılar.

Nəhayət deyilən vaxt tamam oldu və kənd sakinləri sərdabəni açaraq yarıcan qalmış yoxsulu oradan çıxardılar. O özünə gəldikdə isə hər kəs onu asanlıqla qazandığı sərvət münasibəti ilə təbrik etməyə başladı.

Yoxsul həyəcanla bağırdı:

– Mənə heç bir sərvət lazım deyil! Əgər mənə arıq bir uzunqulağa görə belə əziyyət verdilərsə, onda mən böyük bir sürü və mal-qara üçün necə cavab verəcəyəm!

Son xəbərlər
 ⁠
Digər xəbərlər