Çin yuanının beynəlxalqlaşması sahəsində nəzərəçarpacaq irəliləyişlər olsa da, yaxın perspektivdə ABŞ dollarının qlobal hökmranlığına real təhdid yaratmaqdan hələ uzaqdır.
Banker.az xəbər verir ki, bunu Çinin OCBC bankının valyuta strateqi Kristofer Vong bildirir.
Bu açıqlama Çin Mərkəzi Bankının ötən həftə çoxqütblü valyuta sisteminin təşviqi ilə bağlı çıxış etməsindən və yuanın istifadəsini artırmaq üçün yeni siyasətlər elan etməsindən sonra verilib.
Vong qeyd edir ki, yuan artıq qlobal ticarət hesablaşmalarında, sərhədlərarası ödənişlərdə və ikitərəfli valyuta svop razılaşmalarında daha çox istifadə olunur. Çin tərəfindən həyata keçirilən “Bir Kəmər, Bir Yol” təşəbbüsü də regional təsiri artırır və bu çərçivədə yuan kredit və fakturalarda istifadə edilir.
Bununla belə, hələ qət edilməli uzun yol var. Vong bunu yuanın məhdud konvertasiyası ilə izah edir və əlavə edir ki, ABŞ dolları qlobal maliyyə sistemində o qədər dərin kök salıb ki, spot, forvard və svop əməliyyatlarının 88%-ində bir tərəf mütləq dollar olur.