Yunanıstan hökuməti xarici mütəxəssisləri cəlb etmək üçün və xaricə getmiş yunanları geri qaytarmaq üçün 50% vergi güzəştini təşkil edib.
Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.
Baş nazirin iqtisadi müşaviri Aleksis Patelis bildirib ki, bu insanlar Yunanıstanın yeni vergi rezidentləri olacaqlar.
Yunanıstan hökuməti ya ölkəyə gələn və vergi ödəyən işçilərin özləri, ya da işçi heyətini burada köçürən şirkətlər hesabına yeni iş yerlərinin açılmasına ümid edir. Qeyd edək ki, bu təklif 2021-ci il ərzində etibarlı olacaq və son yeddi ildə Yunanıstanda vergi rezidenti olmayan insanlar tərəfindən istifadə edilə bilər. Gəlir səviyyəsinə və ya peşə növünə görə heç bir məhdudiyyət yoxdur. Hökumət xaricdə yaşayan təxminən 800 min yunanı geri qaytarmağı planlaşdırır.
“Pandemiya bir çox hallarda texnologiya sayəsində harada yaşayacağınızı və çalışacağınızı seçmək mümkün olduğunu göstərdi. Biz digital-miqrantları əldə edə bilərik. Biz sadəcə bu tortdan pay almaq istəyirik”, – Patelis vurğulayıb.
Bildirildiyi kimi, vergi güzəşti ölkəyə koronavirus pandemiyası səbəbindən yaranan iqtisadi kollapsın mənfi nəticələrini aradan qaldırmağa kömək edəcək. Avropa Komissiyasının hesablamalarına görə, 2020-ci ildə Yunanıstanın ÜDM-si 9% azalıb. Bundan əlavə, işsizlik səviyyəsinin 18%-ə çatması gözlənilir ki, bu da böhranın pik nöqtəsində qeydə alınan 30%-dən xeyli aşağıdır.
Xatırladaq ki, hal-hazırda Yunanıstanda yaşayan və ildə 40 min avrodan çox gəliri olan vətəndaşlar 44% vergi ödəyirlər. Keçən ildə zəngin investorları cəlb etmək üçün yeni proqram işə salınmışdı: onlara gəlir vergisinin azaldılması, divident vergisini isə iki dəfə ixtisar etmək.