Avroqrup Afina ilə bağlı təcili qərar qəbul elədi.
Yunanıstanla 17 saat sürən danışıqlardan sonra razılıq əldə edildi.
Bu barədə Avropa Şurasının sədri Donald Tusk bildirib. Onun sözlərinə görə, Avroqrup Yunanıstan üçün bric-kredit şərtləri hazırlamağa başlayır.
Bric kredit banklar tərəfindən fiziki və ya hüquqi şəxslərə cari borc öhdəliklərini örtmək üçün yetərincə yüksək faizl verilən kreditlərə deyilir. Müddəti bir ildən çox olmur.
Donald Tusk – Avropa Şurasının sədri
“Maliyyə nazirləri tez bir zamanda qısamüddətli perspektivdə bric-maliyyələşmə ilə Yunanıstanın maliyyə ehtiyaclarını təmin etməyi müzakirə edəcəklər”, – deyə Tusk vurğulayıb. Onun sözlərinə görə, Yunanıstana yardım proqramı sərt islahat keçirilməsi şərti əsasında veriləcək.
Avropa Komissiyasının sədri Can-Klod Yunker isə bildirib ki, Avropa Komissiyası Yunanıstan iqtisadiyyatına 35 milyard avro sərmayə ilə təmin ediləcək. “Yunanıstan avro zonasını tərk etməyəcək”, – deyə siyasətçi bildirib.
Yunaıstan üçüncü yardım proqramına zəmanət üçün 50 milyard avrolu fond yaradılmasına razılaşıb. Avroqrupun sədri Yerun Deysselblum deyib ki, Yunan aktivlərinin toplanacağı bu fond Yunanıstanda yerləşəcək. Onun sözlərinə görə, Yunanıstan parlamenti çox sürətlə islahatlar haqqında qanun qəbul eləməlidir.
Yerun Deysselblum – Avroqrupun sədri
Avropa İttifaqının 19 ölkəsinin dövlət və hökumət başçısının iştirakı ilə bu gün Brüsseldə yenidən sammit keçirilib və Yunanıstanda borcla bağlı yaranmış böhranın aradan qaldırılması yollarını müzakirə edib.
ANS PRESS