Fevralın 28-də Yunanıstanda qatar qəzasında yaxınlarını itirənlər Baş nazir Kiriakos Mitsotakis və digər nazir və məmurlara qarşı iddia qaldırıb.
Yunanıstanda fevralın 28-də baş verən qatar qəzasında həyatını itirən 57 nəfərin yaxınları bazar günü keçiriləcək ümumi seçkilər öncəsi baş nazir Kiriakos Mitsotakis və digər nazir və rəsmilərə qarşı iddia qaldırıb.
Məsələni qaldıran qrupun nümayəndəsi Kristos Konstantinidis açıqlamasında “İş baş nazir, nazirlər və keçmiş nazirləri hədəf alır” deyib.
Qeyd edək ki, Yunanıstanın paytaxtı Afinadan Salonikiyə gedən sərnişin qatarı fevralın 28-dən martın 1-nə keçən gecə Tempi bölgəsində yük qatarı ilə toqquşub. Qəzada sərnişin qatarının birinci və ikinci vaqonları tamamilə əzilib, üçüncü vaqon isə relsdən çıxıb. Qəza nəticəsində 57 nəfər həlak olub. İki qatarın toqquşmadan əvvəl kilometrlərlə eyni xətt üzrə bir-birinə doğru getdiyi öyrənilib. İnsan səhvi nəticəsində baş verdiyi məlum olan qəzadan sonra infrastruktur və nəqliyyat naziri Kostas Karamanlis istefa verib.
Qəza nəticəsində bir stansiya rəisi ictimai nəqliyyatı təhlükəyə atma və ehtiyatsızlıqdan adam öldürmə, Yunanıstan Dəmir Yolu Təşkilatının (OSE) keçmiş rəhbəri və 3 dəmiryol məmuruna isə qəza ilə bağlı ittiham irəli sürülüb.