2 C
Baku
Saturday, December 14, 2024

Zəmanət kağızı olmayan mallar iki il ərzində zəmanətli hesab olunacaq

İstehlakçıya zəmanətlə bağlı kağız verilməyibsə, bu zaman məhsul iki il müddətində zəmanətli sayılır. Məhsulun zəmanət müddətində qüsur aşkarlanıbsa, istehlakçı onu satıcıya təhvil verməklə nöqsanların aradan qaldırılmasını, yaxud da razılaşma əsasında özünün həmin məhsulla bağlı çəkdiyi xərcləri, yeni məhsulla əvəzlənməsini və ödədiyi pulun geri qaytarılmasını tələb edə, məhkəməyə müraciət edə bilər.

Bunu vəkillər Kollegiyasının üzvü Roman Qaraşov deyib.

O bildirib ki, qanunvericiliyə müvafiq olaraq hər bir qeyri-ərzaq məhsuluna zəmanət verilir: “Zəmanətin müddəti ilk olaraq tərəflərin iradəsinə buraxılır. Satıcı zəmanət üçün istədiyi müddəti müəyyənləşdirə bilər. Bu müqavilə müddəti 1 ay, 10 il də ola bilər”.

Zəmanət müddəti müəyyənləşdirilməyən, qüüur aşkarlanan məhsula görə alıcı malı aldıqdan iki il ərzində, yaxud da alqı-satqı müqaviləsi ilə nəzərdə tutulan daha uzun müddətdə satıcıya qarşı müəyyən tələblər irəli sürə bilər. Belə olan halda alıcı malı lazımi keyfiyyətli malla dəyişdirmək, satış qiymətini uyğun məbləğdə azaltmaqla bağlı iddia irəli sürə bilər.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövləti Xidmətindən bildirilib.

Qeyd olunub ki, bundan başqa, alıcı malın qüsurlarının satıcının hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini iddia olaraq irəli sürə bilər. Alıcı həmçinin malın, həmin mala uyğun digər model, marka və s ilə dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini idda olaraq tələb edə bilər.

“Bundan başqa, istehlakçı müqavilənin ləğv edilməsini və dəymiş zərərin ödənilməsini də iddia olaraq irəli sürə bilər”, – deyə məlumatda qeyd olunub.

Daşınma vasitəsilə və ya poçtla göndərilən əşyalar üçün bu müddət əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır: “Əgər alıcı maldakı qüsurların satışadək yarandığını sübuta yetirərsə, bu halda əşyada mövcud qüsurlara görə satıcı cavabdehdir. Əgər istehlakçı malın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, lakin onun tələbləri təmin olunmazsa, bu halda təqsirli şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülür”.

Qeyd edək ki, sözügedən halla bağlı istehlakçılar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə (birbaşa ərizə, rəsmi internet səhifəsi (- https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt (- [email protected]) və 195-1 Çağrı Mərkəzi vasitəsilə) və/və ya məhkəməyə müraciət edə bilər.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, istehlakçılar hüquqlarının pozulması barədə məhkəmədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad olunublar.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər