2 C
Baku
Saturday, December 14, 2024

Zəngəzur dəhlizinə birləşən dəmiryol xətti üçün Kür çayı üzərində körpü tikilir

Ələt-Horadiz-Ağbənd dəmiryolu xəttinin Ələt-Osmanlı hissəsində, Kür çayı üzərində yeni körpü tikilir.

Körpünün tikintisi başa çatdıqdan sonra köhnə dəmir yolu körpüsünün yenidən qurulmasına başlanacaq.

Tikintiyə nəzarət şöbəsinin rəisi Əflan Sadıqlı “Report”un yerli bürosuna bildirib ki, Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində aparılan yeni dəmiryol körpüsünün inşasına bu ilin əvvəlində başlanılıb: “Ələt-Horadiz-Ağbənd dəmiryol xəttinin Ələt-Osmanlı hissəsində Kür çayı üzərində mövcud körpünün yenidən qurulması və ona paralel olaraq yeni körpünün inşası davam etdirilir. Körpünün uzunluğu 260 metr, eni 5,7 metrdir. Körpünün əsas bünövrə hissəsi dəmir-beton konstruksiyalardan ibarətdir, qalan hissələri metal konstruksiyalardan ibarət olacaq”.

Onun sözlərinə görə, inşaat işləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sifarişi ilə “Körpü-Bina-Tikinti” MMC tərəfindən həyata keçirilir: “Tikintidən öncə ağırtonnajli texnikaların və digər nəqliyyat vasitələrinin normal hərəkət etməsi üçün Kür çayı üzərində müvəqqəti estekada qurulub. Artıq tikinti zamanı xeyli sayda svaylar vurulub, körpünün yan dayaqlarının özülündə isə dəmir-beton işləri yekunlaşıb. Hazırda dəmir-beton işlərinin görülməsi ilə yanaşı aşırım hissəsində metal konstruksiyalar quraşdırılır”.

Şöbə rəisi əlavə edib ki, layihənin icrası dəmiryolu ətrafında yerləşən yaşayış məntəqələrinin və işğaldan azad olunan bölgələrdə insanların Horadiz Ağbənd, Füzuli-Şuşa və gələcəkdə Zəngəzur dəhlizi ilə dəmir yolu istiqaməti üzrə şəraitin yaxşılaşdırılmasına və infrastrukturun qurulmasına müsbət təsir göstərəcək: “Azərbaycan Respublikasında qəbul olunmuş dövlət proqramları, Strateji Yol Xəritələri, ortamüddətli sosial-iqtisadi inkişaf konsepsiyasını dəstəkləməsi də layihənin əsas məqsədlərindən hesab olunur. tikinti işləri başa çatıb istismara veriləndən sonra dəmir yolu körpüsü ölkəmiz üçün həm starteji, həm də iqtisadi əhəmiyyətə malik olacaq. Layihələndirilən körpü mövcud dəmiryolu xəttinin ərazisində davam etdirilir. Tikinti işləri sona çatdıqdan sonra dəmir yolu xətləri quraşdırılacaq və dəmir yolu xətlərinin ətrafı metallarla məhəcərlənəcək. Bundan sonra bir əsrdən çox yaşı olan mövcud körpünün yenidən qurulmasına başlanacaq. Yeni körpü tam istismara hazır oluqdan sonra yeni körpünün yenidən qurulma işlərinə başlanılacaq. Onun üçün estakadalar qurulub. Həm yeni körpünün tikintisi üçün, həm də köhnə körpünün yenidən qurulması üçün estakadalar qurulub, təmir olunacaqdır”.

Qeyd edək ki, yeni dəmiryol körpüsünün inşasının iki il müddətinə başa çatdırılması nəzərdə tutlub.

Son xəbərlər
Digər xəbərlər