27 C
Baku
Wednesday, June 26, 2024

Zər qədrini zərgər bilər – ibrətamiz hekayə

Bir dəfə gənc bir oğlan Usta yanına gəlib deyir:

– Mən sizin yanınıza ona görə gəlmişəm ki, özümü çox dəyərsiz və yararsız bir insan kimi hiss edirəm, o qədər vecsizəm ki, düşünürəm ki, heç yaşamağa dəyməz.

Ətrafımdakı hamı mənim uğursuz insan olduğumu deyir, onlara görə mən əfəl və fərsizəm. Xahiş edirəm, Usta, mənə kömək eyləyin.

Usta gözucu cavan oğlana baxıb, nə isə qımıldadır:

-Bağışla, amma mən indi çox məşğulam, sənə kömək edə bilmərəm. Mən təcili şəkildə olduqca mühüm bir məsələni yoluna qoymalıyam – sonra bir az düşünüb, əlavə edir: – Amma əgər sən mənə bu işdə kömək etməyə razı olsan, onda mən də böyük məmnuniyyətlə sənə öz işində yardımçı olaram.

-Əlbəttə, gənc oğlan söylədi –amma ürəyində onu yenə məyusluq bürüdü, çünki növbəti dəfə idi ki, onu ikinci plana saxlayırdılar.

– Yaxşı, – Usta dedi, sonra sol əlindəki çeçələ barmağında qırmızı daşlı balaca bir üzük çıxardı.

– Atı götür və bazar meydanına çap! Mən təcili olaraq bu üzüyü satmalıyam, çünki qaytarası borcum var. Çalış ona görə mümkün qədər çox pul alasan, amma heç bir halda onu bir qızıl qəpikdən ucuz satma! Mümkün qədər tez get və qayıt gəl!

Oğlan üzüyü götürdü, ata mindi və onu bazara doğru çapdı. Bazara gəldikdən sonra o üzüyü müxtəlif tacirlərə göstərməyə başladı, tacirlər əvvəlcə onun təklif etdiyi malı maraqla gözdən keçirir, amma qiymət haqqında eşidən kimi fikirlərini dəyişir və üzüyə qarşı bütün maraqlarını itirirdilər. Onlardan biri isə açıq-aşkar oğlanın üzünə gülər, digərləri sadəcə dönüb, çıxıb gedirdi, yalnız bir nəfər qoca tacir sonda oğlana təmkinlə oğlana izah etdi ki, bir qızıl qəpik belə adi üzük üçün həddindən artıq baha qiymətdir, çünki belə bir üzüyə görə mis, ən yaxşı halda isə gümüş qəpik vermək olar.

Bu sözləri eşidən gəncin halı çox pərişan olur, axı o Ustanın tövsiyəsini yaxşı xatırlayırdı, heç bir halda qızılı 1 qızıl sikkədən ucuz satmaq olmazdı. Bütün bazarı gəzib dolaşıb və üzüyü ən azı yüz nəfərə təklif etdikdən sonra, oğlan yenidən atı yəhərləyib, geri qayıtdı. Uğursuzluqdan həddindən artıq bikef olmuş şəkildə Ustanın yanına daxil oldu.

– Mən sizin tapşırığı yerinə yetirə bilmədim, Usta – o kədərlə söylədi. – Ən yaxşı halda mən üzüyə görə bir neçə gümüş pul ala bilərdim, amma axı, siz mənə tapşırmışdınız ki, onu 1 qızıl sikkədən ucuz satmağa razı olmayım. Bu üzüyün isə belə bir dəyəri yoxdur.

– Sən indi olduqca vacib məqama toxundun, oğul! – Usta söylədi. – Üzüyü satmağa cəhd etməkdən öncə, onun əsl dəyəri müəyyən etmək heç də pis olmazdı! Bəs, bunu zərgərdən yaxşı kim edə bilər? Onda gəl sən zərgərin yanına get, üzüyün dəyərinin nə qədər olduğunu öyrən. Soruş gör, o bizə bu üzüyə görə nə qədər pul verməyə hazırdır? Amma sənə hansı qiyməti desə də, üzüyü satma, mənim yanıma qayıt.

Oğlan yenidən atı yəhərləyir və zərgərin yanına yollanır.

Zərgər uzun müddət öz lupası ilə üzüyü gözdən keçirir, sonra isə onu balaca çəki daşları ilə çəkir və nəhayətdə dillənir.

– Öz Ustana söylə ki, indi bu üzüyə görə ona əlli səkkiz qızıl sikkədən artıq pul verə bilmərəm. Amma əgər o mənə vaxt versə, mən sövdələşmənin təcili olduğunu da nəzərə alıb, üzüyü 70 sikkəyə almağa razıyam.

– Yetmiş sikkə?! – gənc oğlan sevinclə gülümsədi və zərgərə minnətdarlıq edib, üzüyü götürüb, yenidən Ustanın yanına qayıtmaq üçün atı geriyə çapdı.

– Əyləş burda – Usta gənc oğlanın canfəşanlıqla danışdığı hekayəni dinlədikdən sonra dedi. Oğul, bil ki, sən elə özün bu üzüksən. Qiymətli və təkrarsız. Və səni yalnız əsl zərgər dəyərləndirə bilər. Onda sən niyə bazarları dolaşıb, ilk qarşına çıxan adamdan bunu edə biləcəyini gözləyirsən?

Son xəbərlər
 ⁠
Digər xəbərlər