Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti Türkiyənin “Cengiz İnşaat Sənaye və Ticarət” A.Ş və Azərbaycanın “Nort Vest Konstrakşn” MMC şirkətləri ilə müqavilələr imzalayıb.
Banker.az xəbər verir ki, 2 müqavilənin cəmi məbləği 316 961 248 manatdır.
“Nort Vest Konstrakşn” MMC ilə bağlanmış müqavilədə “Həkəri çayının sağ və sol sahilində yerləşən əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi” (Magistral boru xətti) üzrə layihə-smeta sənədlərinin hazırlanması və tikinti-quraşdırma işləri nəzərdə tutulur. Müqavilənin dəyəri isə 188 751 249 manatdır.
“Cengiz İnşaat Sənaye və Ticarət” A.Ş ilə olan müqavilə isə Həkəriçay üzərində Zabuxçay su anbarının tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması və tikinti-quraşdırma işləridir. Bu müqavilənin məbləği isə 128 209 999 manatdır.
Xatırladaq ki, imzalanma mərasimində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılov, sədr müavini Rafiq Aslanov və cəmiyyətin digər nümayəndələri iştirak etmişdirlər.