1 C
Baku
Saturday, December 14, 2024

Zahid Oruc prezidentliyə namizəd olacağını açıqladı

Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, deputat Zahid Oruc növbədənkənar Prezident seçkilərində namizəd olacağını açıqlayıb.

O, bu barədə açıqlamasında məlumat verib.

Z.Oruc yaxın günlərdə sənədlərini rəsmi olaraq Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcəyini də bildirib.

Deputat qeyd edib ki, Vətən müharibəsindən sonra keçirilən ilk seçkilərdə iştirak hər bir vətənsevər azərbaycanlının müqəddəs amalı, son 300 illik tariximizin dönüş anı, mühüm dövlətçilik imtahanı və beynəlxalq siyasi hadisədir: “Biz təkcə birinci şəxsi seçmirik, həm də qalib Azərbaycanın yeni yüz ilinə – Zəfər əsrinə səs veririk! Biz elə etməliyik ki, 7 fevral şanlı ordumuzun Xankəndi yürüşünün davamı, azad torpaqlara qayıdan millətimizin paradı olsun. Ona görə də namizədliyimi öz təşəbbüsümlə irəli sürərək qalib azərbaycanlıların “Ədalətin zəfər çaldığı Azərbaycan” arzularına söykənir, seçkiləri yeni ideya və baxışlarımıızın qələbə tribunasından təqdim edilməsi imkanı kimi dəyərləndiririk”.

“Mənim mənsub olduğum nəsil çətin sınaqlardan keçib. İndi hər bir qalib azərbaycanlının həyatında sülh və əmin-amanlıq, bərpa və quruculuq, inkişaf və rifah, birgəyaşayış və milli qürur dövrü başlanır. Bütün iddiaçı qüvvələrin seçkilərdə iştirakı daxildə siyasi barışı gücləndirəcək, 90-cı illər işğalının səbəb və nəticəsi olan mübarizə ənənələrinin Qarabağ münaqişəsi kimi tarixdə qalmasına, Zəfər platforması üzərində yeni siyasi sistemin inşasına təkan verəcək”, – Z.Oruc vurğulayıb.

Xatırladaq ki, 2024-cü il fevralın 7-nə Azərbaycanda növbədənkənar Prezident seçkiləri təyin edilib.

Dekabrın 15-də isə Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər