8 C
Baku
Friday, December 13, 2024

Zamin durmaq şəxsin bankdan kredit götürmək imkanlarını məhdudlaşdıra bilərmi?

Vətəndaşları narahat edən məsələlərdən biri də zaminliyi olan şəxsin kredit götürmək üçün banka müraciət edərkən üzləşdiyi məhdudiyyətlərlə bağlıdır. Belə ki, bəzi hallarda banklar zaminliyi olan şəxsə kredit verməkdən imtina edir.

Mövzu ilə bağlı danışan vəkil Abbas Quliyev deyib ki, bankların bu qərarı başadüşüləndir, çünki zamin duran şəxs üzərinə borcalanla birlikdə eyni öhdəliyi götürür və borclu öz öhdəliyini icra etmədiyi müddətdə zamin buna görə məsuliyyət daşıyır.

“Zamin kredit alan ilə birlikdə eyni məsuliyyəti daşıyır. Vətəndaş borcu ödəyə bilmədiyi halda, borc zamindən tələb edilir. Ona görə də borclu öz öhdəliyini icra etmədiyi müddətdə bank zamin duran şəxsə kredit verməkdən imtina etməkdə haqlıdır”, – deyə o bildirib.

Vəkilin sözlərinə görə, zaminin kredit götürməsi onun gəlirindən və zamin durduğu şəxsin götürdüyü kreditin məbləğindən asılıdır. A.Quliyev onu da bildirib ki, əgər borcalan kredit ödənişini gecikdirər və ya ödəməzsə, zaminin kredit tarixçəsi də mənfi qiymətləndirilir və onun kredit əldə etmək imkanını məhdudlaşdırır.

“Zamin duran şəxs gələcəkdə kredit götürərkən məhdudiyyətlərlə üzləşməmək üçün kredit tarixçəsində gecikmənin olmamasını istəyirsə, bu halda borclunun yerinə həmin pulu ödəyə və daha sonra qanunla müəyyən edilmiş qaydada əsas borcludan tələb edə bilər. Bunun üçün mülki hüquqda reqres iddia anlayışı mövcuddur. Reqres iddia öz vəsaiti hesabına başqasının borcunu ödəmiş və ya başqasının əvəzindən zərər ödəmiş şəxs tərəfindən ödədiyi vəsaitin geri tələb edilməsidir. Yəni, zaminin bu hüquqdan istifadə etmək imkanı var”, – deyə vəkil qeyd edib.

Mənbəe-hüquq
Son xəbərlər
Digər xəbərlər