Inditex (Zara, Pull & Bear, Bershka, Oysho brendlərinin sahibi) şirkətinin təsisçisi Amansio Orteqa Parisdə yerləşən Capital 8 biznes mərkəzini ABŞ-nin investisiya şirkəti Invesco Ltd.-dən satın alıb. Bu barədə Bloomberg Inditex nümayəndəsinə istinadən məlumat yayıb.
Müqavilənin dəyəri 912 milyon dollar olub. Bloomberg qeyd edir ki, bu, 2022-ci ildən bəri Avropada ofis daşınmaz əmlakı bazarında ən iri sövdələşmədir.
Capital 8 biznes mərkəzinin ümumi sahəsi 45 min kvadratmetrdir. Premium sinif kompleksdə NatWest Group Plc, Mitsubishi Corp. və Tikehau Capital şirkətlərinin ofisləri yerləşir.
Orteqanın investisiya şirkəti Pontegadea Inversiones SL-ə həmçinin Torontodakı Royal Bank Plaza göydələni, Londondakı The Post ofis-ticarət kompleksi və Nyu-Yorkdakı Haughwout binası da məxsusdur.
Forbes-in qiymətləndirməsinə görə, Amansio Orteqa dünyanın ən bahalı kommersiya daşınmaz əmlak portfelinə sahibdir. Onun 13 ölkədə ümumi dəyəri təxminən 25 milyard dollar olan 200-dən çox daşınmaz əmlak obyekti var.
Amansio Orteqanın sərvəti 124 milyard avro qiymətləndirilir. O, Forbes jurnalının 2026-cı il qlobal milyarderlər reytinqində 10-cu yeri tutur.







