10 C
Baku
Thursday, December 12, 2024

Zaur Mikayılov: “Araz çayından paylayıcı kanalların tikintisi planlaşdırılıb”

Araz çayının yeni qolundan suyun yeni suvarılacaq torpaq sahələrinə verilməsi üçün paylayıcı kanalların tikintisi, Ağsu rayonunun əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Qazanarx kanalının yenidən qurulması planlaşdırılıb.

Bu barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov bildirib.

Z.Mikayılov qeyd edib ki, Prezidentin müvafiq sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü” və “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə cari ildə səhmdar cəmiyyəti tərəfindən Araz çayının yeni qolundan suyun yeni suvarılacaq torpaq sahələrinə verilməsi üçün paylayıcı kanalların tikintisi, Ağsu rayonunun əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Qazanarx kanalının yenidən qurulması, Qazax rayonunun Xanlıqlar, Kəmərli, Aslanbəyli, Qaymaqlı və İkinci Şıxlı kəndlərinin əkin sahələrini su ilə təmin etmək məqsədilə su nasos stansiyalarının və yeraltı suvarma şəbəkələrinin bərpası (İkinci Şıxlı təsərrüfatı üzrə), Şəmkir maşın kanalının nasos stansiyasının suvermə qabiliyyətinin artırılması və onun I növbəsinin təmir-bərpası, Şəmkir maşın kanalının II növbəsinin zonasında təsərrüfatlararsı paylayıcı kanalların layihələndirilməsi və tikintisi planlaşdırılıb.

“Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması (Hacıqabul rayonu üzrə), Azərbaycan Respublikasının rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının layihələndirilməsi və qazılması, sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri, Həkəriçay və Bərgüşadçay su anbarlarının texniki-iqtisadi əsaslandırmalarının və layihə sənədlərinin hazırlanması, Suqovuşan (5,2 km magistral kanalla birlikdə), Xaçınçay (7 km uzunluğunda kanalla birlikdə), Aşağı “Köndələnçay”, “Köndələnçay-1” və “Köndələnçay-2” su anbarlarının təmir və bərpası, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı üzrə texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanması, Tərtərçay Sol Sahil kanalının yenidən qurulması, Qız qalası su anbarından magistral kanalın tikintisinin texniki-iqtisadi əsaslandırmasının və layihə sənədlərinin hazırlanması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub”, – ASC sədri qeyd edib.

Bu tədbirlərin həyata keçirilməsi ilə suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin daxili istehsal hesabına çörək və ərzaq məhsulları ilə etibarlı təminatına, yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların və digər infrastruktur obyektlərinin sel və daşqın sularının zərərli təsirlərindən mühafizəsinə, çayların su ehtiyatlarının nizamlanması hesabına onlardan daha səmərəli istifadə edilməsinə geniş imkanlar yaranacaq.

 

 

Son xəbərlər
Digər xəbərlər