İran Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi ilə əlaqədar öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə, Kiyev beynəlxalq məhkəməyə müraciət edəcək.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “Globe and Mail” qəzetinə müsahibəsində deyib.
“Ümid edirəm ki, sonda İran hökumətinin nəticəyə yönəlmiş siyasətinə arxalana biləcəyik. Çünki İran nəinki təkcə bizə “qara qutu”ları geri qaytarmır, həm də digər vədlərini yerinə yetirməyib. Onlar rəsmi şəkildə üzr istəməlidirlər. Adekvat kompensasiya ödəməli, vədlərini yerinə yetirməlidirlər. Əks təqdirdə bizim başqa bir seçimimiz qalmayacaq və beynəlxalq məhkəməyə müraciət etmək məcburiyyətində qalacağıq. Onlar bizim mövqeyimizi bilirlər”, – deyə Ukrayna Prezidenti qeyd edib.
V. Zelenski vurğulayıb ki, İran tərəfi uçuşu qeydə alan cihazların Kiyevə çatdırılmasının gecikməsində pandemiyanı əsas gətirir: “Lakin uzun müddətdir ki, bunu gözlədiyimiz üçün bu məsələ qeyri-müəyyən müddətə uzadıla bilməz”.
Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğraması ilə bağlı məlumat yayılıb. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub.
İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahı Ukraynaya mәxsus tәyyarәnin sәhvәn vurulduğu ilə bəyanat yayıb. Bәyanatda qeyd olunub ki, İranın İraqda ABŞ hәrbi bazasına hücumu vaxtı vә sonrakı saatlarda ABŞ hәrbi tәyyarәlәrinin uçuşları artıb. İranın İmam Xomeyni hava limanından havaya qalxan tәyyarәnin qәfil dönüş etmәsi İran İslam İnqilabı Keşikçilәr Korpusunun hәssas mәkanlarına hücum kimi qiymәtlәndirilib. İran Silahlı Qüvvәlәri Baş Qәrargahı baş verәn hadisә ilә әlaqәdar insan xәtasına görә üzr istәyib.