“Zirvə-A” MTK tərəfindən inşa olunan hündürmərtəbəli binanın tikintisində fasad ustası işləyən Zülfüqar Qasımzadə həmin binanın 5-ci mərtəbəsində işləyərkən ehtiyatsızlıqdan yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Banker.az Nərimanov rayon prokurorluğuna istinadən xəbər verir ki, məlumat mayın 30-u saat 12 radələrində rayon prokurorluğuna daxil olub.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.