“Zoom” xidmətinin yaradıcısı Erik Yuan 24 saat ərzində 6,6 milyard dollar qazanıb, hal-hazırda onun sərvəti 22 milyard dollar təşkil edir.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir
Xatırladaq ki, avqustun 31-də şirkət rüblük gəlirinin illik 335% artdığını bildirib. O, 664 milyard dollara çatıb. “Zoom”un xalis mənfəəti 186 milyon dollara, korporativ müştəri sayı isə 370 minə (+458%) yüksəlib. Hesabat dərc edildikdən sonra şirkətin səhmləri 32% bahalaşıb.
Bildirildiyi kimi, Yuanın maliyyə müvəffəqiyyəti Ceff Bezos və Elon Maskın rekorduna çata bilməyib. Belə ki, “Amazon” şirkətinin qurucusu iyul ayında bir gündə 13 milyard dollar, “Tesla”nın rəhbəri isə 8 milyard dollar zənginləşib.
“Zoom” xidməti xüsusilə 2020-ci ilin yazında, koronavirus pandemiyası yayıldığı dövrdə populyar olmuşdur. Bunun əsas səbəbi bir çox insanın distant iş və təhsil rejiminə keçməsi idi. Aprel ayının əvvəlində xidmətin inkişaf etdiriciləri bir neçə ay ərzində auditoriyanın 20 dəfədən çox artdığını açıqlayıblar.
Bir müddətdən sonra “Zoom”un məlumat sızmasına yol verdiyi üzə çıxıb. Şirkət tətbiqin kifayət qədər təhlükəsiz olmadığını etiraf edərək, istifadəçiləri əldə saxlamağı bacarıb.