29 C
Baku
Saturday, June 29, 2024

İnflyasiya gözləntiləri Mərkəzi Bankın “minimum hədəfinə” yaxındır

Ötən iclasdan bəri Azərbaycanda illik inflyasiya hədəf diapazonunun aşağı həddinin altında olub.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) uçot faiz dərəcəsinə dair press-relizindəki şərhində bildirilir.

Belə ki, 2024-cü ilin may ayında 12 aylıq inflyasiya 0.3% təşkil edib ki, bu da Mərkəzi Bankın aprel proqnozlarına uyğundur. May ayında 12 aylıq baza inflyasiya 0.4% olub. İllik ərzaq deflyasiyası 1.4%, qeyri-ərzaq inflyasiyası 1%, xidmətlər inflyasiyası isə 2.2% təşkil edib.

“Ev təsərrüfatları arasında keçirilmiş sorğuların nəticələrinə görə qarşıdakı 12 aya gözlənilən inflyasiya hədəf diapazonunun aşağı həddinə yaxındır”- deyə, Mərkəzi Bank şərh verib.

Ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır. Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü və 2025-ci illərdə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı gözlənilir. Mərkəzi Bank əsas makroiqtisadi göstəricilər üzrə yenilənmiş proqnozlarını 2024-cü ilin iyul ayının sonunda elan edəcək.

AMB bildirir ki, inflyasiyanın xarici fonu ümumilikdə neytraldır. Dünya Bankının məlumatına əsasən 2024-cü ilin may ayında illik əsasda əmtəə qiymətləri indeksi 5.6%, o cümlədən qeyri-enerji qiymətləri üzrə 5.1% artsa da, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə ərzaq qiymətləri indeksi 3.4% azalıb. Manatın nominal effektiv məzənnəsinin (2023-cü ildə 19.3% və 2024-cü ilin 5 ayında 3.2%) bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə verib.

Requlyator əlavə edir ki, ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişiklik müşahidə olunmayıb. Tərəfdaş ölkələrdə inflyasiyanın və dünya bazarında əmtəə qiymətlərinin dəyişkənliyi başlıca xarici inflyasiya riski olaraq qalır. Aparıcı iqtisadiyyatlarda monetar şəraitin sərt olaraq qalması isə qlobal inflyasiyanı azaldacaq amildir. İnflyasiyanı artıra biləcək başlıca daxili risk isə yerli xərc amillərinin, eləcə də məcmu tələbin izafi artımı ilə əlaqədardır. Bu səbəbdən ortamüddətli dövrdə büdcə xərclərinin genişlənməsinin və kredit aktivliyinin inflyasiyaya təsirləri diqqətdə saxlanılmalıdır.

Xatırlatma!

AMB-nin İdarə Heyətinin 21 iyun tarixli qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.

Son xəbərlər
Digər xəbərlər