2 C
Baku
Thursday, February 29, 2024

Əli Həsənovun:”Bank sektorunda islahat qurtarandan sonra qeyri-neft sektorunda başlanacaq”

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov APA, “Azərtac” və “Trend” agentiliklərinə müsahibəsindən banklara aid hissənin çıxarışı.

– Necə fikirləşirsiniz, qlobal iqtisadiyyatda və enerji resurslarının qiymətində qeyri-müəyyən vəziyyətin davam etdiyi, ölkəyə daxil olan maliyyə resurslarının azaldığı bir dövrdə belə əhatəli proqramı həyata keçirmək mümkün olacaqmı?

– Buna şübhə etmək üçün heç bir əsas yoxdur. Bilirsiniz ki, artıq yanvarın 19-da Milli Məclis paket şəklində daxil olmuş qanunvericilik təşəbbüsünü dəstəklədi. Bu dəyişikliklər sistemli təhlilin nəticəsi olaraq maliyyə-bank sektorunda, sahibkarlıq fəaliyyətində ciddi canlanmaya səbəb olacaqdır. Məsələn, “Əmanətlərin sığortalanması haqqında” Qanuna dəyişikliklərə əsasən, vətəndaşın bankdakı əmanətinə görə olan dividendlərdən vergi tutulmayacaq. “Əmanətlərin tam sığortalanması haqqında” yeni qanun isə insanların bankda olan əmanətlərinə görə narahatlığını tam aradan qaldırdı. Faktiki olaraq vətəndaşın bankda olan vəsaitinin 3 il müddətində tam sığortalanması təmin edildi. Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər Azərbaycana investisiya axınının təmin edilməsinə, yeni iqtisadiyyatın inkişafına, real sektorun yaradılmasına yönəldilib. Fevralın 1-dən üç il müddətində yerli və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitetin – öz fəaliyyətini və inkişafını maliyyələşdirmək üçün qiymətli kağızlar buraxan qurumun investisiya qiymətli kağızlar üzrə ödədiyi diskont və faiz gəlirləri vergidən azad edildi. Vergi Məcəlləsinə edilən digər dəyişikliyə əsasən, ölkə iqtisadiyyatına investisiya yatıran hüquqi şəxs və fərdi sahibkar mülkiyyətində və ya istifadəsində olan torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azad edildi. Həmin şəxslərin yeni müəssisələr üçün xaricdən gətirdiyi avadanlıqlara və texnikaya vergi tətbiq olunmayacaq, bundan başqa onlar digər vergi güzəştləri də əldə edəcəklər. Valyuta sisteminin daha da tənzimlənməsi məqsədilə “Valyuta tənzimi haqqında” Qanuna dəyişikliklər olundu ki, bu da dövlət büdcəsinə mənfəət gətirməklə ölkədən çıxan valyuta ehtiyatlarının miqdarının müəyyən edilməsinə şərait yaradacaq. “Dövlət satınalmaları haqqında” qanunda dəyişikliklərə görə, tender zamanı idxal olunan xarici mallar qarşısında eyni yerli məhsullar qiymət güzəşti əldə edirlər.

Qanunlara edilən dəyişikliklər ölkənin bank sisteminin tarazlaşdırılması və əhalinin yerli banklara, milli manata  etimadının yüksəldilməsi, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi yolu ilə iqtisadiyyatın qeyri-neft sektorunda inkişafın, investisiyaların stimullaşdırlması məqsədini güdür. Qarşıdan gələn dövrdə bu istiqamətdə fəaliyyət davam etdiriləcəkdir.

İnvestisiyaların ölkə iqtisadiyyatına cəlb olunması üçün hazırda məqsədyönlü tədbirlər həyata keçirirlir. Birincisi, yerli iş adamlarının ölkə iqtisadiyyatına sərmayə yatırmaları təşviq edilir. Bank sektorunun tənzimlənməsi prosesi başa çatandan sonra bankların da qeyri-neft sektoruna diqqət artırması üçün müvafiq tədbirlər görüləcək. Digər tərəfdən, işgüzar mühitin inkişaf etdirilməsi, inhisarçılıq, bürokratiya, korrupsiya və rüşvətxorluq kimi neqativ amillərin aradan qaldırılması üçün tədbirlər daha da gücləndirilmişdir. Məsələn, lisenziyaların, icazələrin sayı azaldılıb və bu sahədə iş adamlarının bürokratik əngəllərlə rastlaşması ehtimalı minimuma endirilib. İpoteka xətti ilə böyük tikinti layihələrinin icrası dəstəklənəcəkdir. Dövlət qurumlarının qarşısına  vəzifə qoyulmuşdur ki, iş adamları üçün lazımi şəraiti təmin etsinlər.

Cənab Prezident regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramının icrası ilə bağlı konfransda sosial məsuliyyət məsələsinə xüsusi toxundu. Məsələn, vətəndaş anlamalıdır ki, bu gün total “dollarlaşma” milli manata etimadın azalmasına və ölkənin maliyyə-bank sektorunun zəifləməsinə xidmət edir. Çünki sabah əldə olan ehtiyat bitdikdən sonra vətəndaş yenə manata müraciət etməli olacaq, ancaq zəif və tələbatı ödəməyən manata. Başqa tərəfdən, nə qədər çətin olsa belə, milli banklar insanları, iş adamlarını əsassız sıxışdırmamalıdırlar. Çünki bankların da inkişafı insanların ödəmə qabiliyyətindən, iş adamlarının  fəaliyyətindən birbaşa asılıdır. Bəzi hallarda sahibkarlar vəziyyətlərini yaxşılaşdırmaq və maliyyə məsrəflərini azaltmaq üçün ixtisarlara gedirlər. Unudulmamalıdır ki, Azərbaycan Prezidenti iş yerlərinin yaradılmasını başlıca vəzifələrdən biri hesab edir. Son 12 ildə ölkədə 1.4 milyondan artıq yeni iş yeri yaradılmışdır. Hazırda Azərbaycan Prezidentinin tapşırığına əsasənƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış, 21 dövlət orqanı və sosial tərəfdaş olan qurumların nümayəndələrinin iştirak etdiyi işçi qrup yeni Məşğulluq Konsepsiyasını hazırlayır. Azərbaycan dövlətinin, cənab Prezidentin bu məsələyə çox böyük əhəmiyyət verdiyi bir zamanda özəl sektor da məşğulluğun daha da yüksəlidlməsinə  öz töhfəsini əsirgəməməlidir. Eləcə də banklar, iş adamları imkan daxilində ölkə iqtisadiyyatına yeni investisiyalar qoymalı, qeyri-neft sektorunun prioritet sahələrinin daha sürətlə inkişaf etməsinə öz töhfələrini verməlidirlər.

Son xəbərlər
Digər xəbərlər