22 C
Baku
Thursday, May 30, 2024

Əmanətlərin Sığortalanması fondu faizləri niyə artırdı və nəticələr necə olacaq?

2015-ci il fevral ayının 24-dən etibarən qorunan əmanətlər üzrə faiz dərəcəsinin maksimum həddi 9 faizdən 12 faizə qaldırılıb. Bu barədə Əmanətlərin Sığortalanması Fondunun saytında məlumat yer alıb.

Bu dəyişiklik 24 fevral 2015-ci il tarixindən qüvvəyə minir və bu tarixdən sonra üzv banklarda illik 12 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər qorunmayan əmanət hesab ediləcək. Məlumatda o da bildirilir ki, 24 fevral 2015-ci il tarixinədək illik maksimum 12 faizlə qəbul olunmuş əmanətlər də sığortalanacaq. Yəni göstərilən tarixə qədər 10, 11 və 12 faizlə cəlb edilən əmanətlər qorunan hesab edilmirdisə, 24 fevral 2015-ci il tarixindən göstərilən faiz dərəcələri ilə qəbul edilmiş əmanətlər qorunan sayılır. Banklar tərəfindən həmin əmanətlərə görə keçmiş dövrlər üçün təqvim haqqı ödənilmir, təqvim haqları 24 fevral 2015-ci il tarixindən hesablanır.

Əmanətlərin Sığortalanması Fondu tərəfindən belə bir qərar ilk dəfədir ki, qəbul olunur. İndiyədək sığorta faizləri artırılıb-azaldılarkən bu, yalnız qərar qəbul olunduğu gündən sonrakı əməliyyatlara şamil edilir. İndisə artıq ötən illərdə qoyulan və 12 faizədək olan bütün əmanətlər sığortalanacaq.

Qeyd edək ki, əmanətlərin faiz dərəcələrinin vergiyə cəlb edilməsi barədə qəbul olunan qanundan sonra depozitlərin bahalaşması prosesi hiss olunurdu. Müştəri itirməmək üçün əksər banklar depozitlər üzrə faiz dərəcələrini 2-3 faiz bənd artırmışdı. Bu isə sığortalanmayan əmanətlərin həcmini kəskin şəkildə artırmışdı. Əlbəttə, manatla bağlı son devalvasiyanın da prosesin sürətlənməsinə təkan verəcəyi qaçılmazdır.

Əksər ekspertlərin fikrincə, artıq bundan sonra bahalı əmanət qəbul edən banklar xərclərini ödəmək üçün kredit faizlərini artıracaqlar. Bu isə Prezident İlham Əliyevin imzaladığı “2015-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə fərmanında kredit faizlərinin azaldılmasına nail olunması ilə bağlı xüsusi göstərişilə ziddiyyət təşkil edir. Fərmanla Azərbaycan Mərkəzi Bankına (AMB) kommersiya banklarının kreditləri üzrə, eləcə də kreditlər və tənzimləyicinin uçot dərəcəsi üzrə faiz dərəcələri arasında fərqin azaldılması ilə bağlı faiz dərəcələrinin aşağı salınması barədə tədbirlər görmək tapşırılıb. Fərmana uyğun olaraq, AMB 6 aydan bir Prezidenti görülən işlər barədə məlumatlandırmalıdır.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov şərhində bildirib ki, manatın son devalvasiyadan sonra əmanətlərin sığortalanma faizlərinin artırılması qaçılmaz idi: “Buna qədər də banklara yatırılan əmanətlərin artım tempi zəifləyib. Əhali son devalvasiya ilə bağlı siqnallardan sonra əmanətlərini geri götürməkdə daha maraqlı idi. Nəticədə proseslər bankların maliyyə likvidikliyinə mənfi təsir göstərirdi, onların dövriyyəsinin aşağı düşməsinə gətirib çıxarırdı. Həmçinin bazarda əlavə pul kütləsinin yaranmasına səbəb olurdu. İndiki halda banklardakı əmanətlərin hansısa formada bazarlara daxil olması manata əlavə təzyiq formalaşdıran əsas amillərdən biridir”.

R.Həsənov əlavə etdi ki, əmanətlərin faiz gəlirlərinin vergiyə cəlbindən sonra əhalinin vəsaitlərin banklara depozit şəklində yatırmasına marağı itib: “Nəzərə almaq lazımdır ki, ölkədə mənfəət norması yüksəkdir, amma bunun müqabilində vəsaitlər illik 9 faizlə banklara yerləşdirilir. Habelə, devalvasiya nəticəsində ölkədə 25 faizlik inflyasiyanın olacağı proqnozlaşdırılır. Deməli, vətəndaş başa düşür ki, əmanətləri illik 9 faizlik gəlirlə yerləşdirmək, eyni zamanda bundan vergi vermək məntiqsiz bir addımdır. Təbii ki, əmanətlərin kütləvi şəkildə geri çəkilməsi prosesi başlanacaq. Ona görə də Mərkəzi Bank itkiləri sığortalamaq üçün əmanətlərin sığorta faizlərini artırdı. Düşünürəm ki, bu addım ciddi nəticələrə səbəb olmayacaq. Çünki kəskin devalvasiya ikirəqəmli inflyasiya yaradacaq. Dövlət inzibati qaydada inflyasiyanı cilovlaya bilməz”.

Ekspertə görə, digər bir məqam sığortalanmayan əmanətlərin həcminin artmasıdır: “Banklar müştəri cəlb etmək üçün əmanət faizlərini çox artırdı. Hətta bəzi depozitlər üzrə 14,5 faiz də təklif edən banklar var. Bu o deməkdir ki, qısa müddət ərzində sığortalanmayan əmanətlərin həcmi bir qədər də artacaq. Ötən ilə qədər bunun bir problemi yox idi. Amma indiki situasiyada böyük bankların belə müflis olmaq təhlükəsi yaranıb. Nəticədə ən böyük zərər sığortalanmayan əmanətlərə dəyəcək. Sığortalanan faiz dərəcələrinin 12 faizə yüksəldilməsinin bir nəticə verəcəyini düşünmürəm”.
R.Həsənov deyir ki, artıq kreditlər üzrə faiz dərəcələrinin də bahalaşması labüdləşib. Onun sözlərinə görə, hökumət nümayəndələrinin bu il kreditlər üzrə faiz dərəcələrinin azalacağı ilə bağlı yaratdıqları rəylər sona çatıb: “Faiz dərəcələri müəyyənləşərkən onun tərkibində inflyasiya səviyyəsi öz əksini tapır. 2015-ci idə baş verəcək inflyasiya kredit faizlərində öz əksini tapacaq və onların yüksəlməsinə gətirib çıxaracaq.

Bunlar elə bir məsələdir ki, onu administrativ qaydada həll etmək mümkün deyil. Bank sektoru liberallaşmayınca, xarici bankların öz maliyyə siyasətinə uyğun fəaliyyətinə şərait yaradılmayınca, eyni zamanda Mərkəzi Bank daha aşağı uçot dərəcəsi ilə mərkəzləşdirilmiş kreditlər verməyincə inzibati yollarla problemi həll etmək yalnız fəsadlar yarada bilər. Ən son variant kimi Dövlət Neft Fondunun aktivlərinin təqribən 5 milyardını ölkəyə gətirməklə banklara 2-3 faizlə idarəetməyə vermək olar. Nədənsə, hökumət bu məsələdə mühafizəkar mövqe sərgiləməyə üstünlük verir”.

BizimYol

Son xəbərlər
 ⁠
Digər xəbərlər