12 C
Baku
Wednesday, December 11, 2024

ƏDV ödəyicisi olmayan müəssisə hansı hesabatları təqdim etməlidir?

Yeni fəaliyyətə başlamış müəssisəmizdə hazırda borc görsənmir, lakin verilməmiş beş hesabat görsənir. Müəssisəmiz ƏDV ödəyicisi deyil. Hansı hesabat formalarını təqdim etməliyəm?

Dövlət Vergi Xidmətindən bildirilib ki, hüquqi şəxs vergi orqanında sadələşdirilmiş və ya mənfəət vergisi ödəyicisi olaraq dövlət qeydiyyatına alınır.

Sadələşdirilmiş verginin ödəyicisi olan hüquqi şəxs verginin məbləğini hesabat rübü ərzində təqdim edilmiş mallara (işlərə xidmətlərə) və əmlaka görə əldə edilmiş hasilatın, habelə satışdankənar gəlirlərin həcminə 2 faiz tətbiq etməklə hesablayır. Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər 8 faiz tətbiq etməklə vergini hesablayır. Hesablanmış verginin məbləği hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq “Sadələşdirilmiş vergi bəyannaməsi” ilə bəyan edilir və həmin tarixdən gec olmayaraq dövlət büdcəsinə ödənilir.

Mənfəət vergisinin ödəyicisi kimi vergi uçotuna alınan hüquqi şəxs hesabat ili ərzində əldə etdiyi mənfəətdən, yəni əldə olunan vergi tutulan gəlirlərlə bu gəlirlərin əldə olunmasına çəkilən və Vergi Məcəlləsinin X fəslinə uyğun olaraq gəlirdən çıxıla bilən xərclərin fərqindən 20 faiz dərəcə ilə mənfəət vergisini hesablamalıdır. Hesablanmış verginin məbləği “Mənfəət vergisinin bəyannaməsi” ilə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına bəyan edilir. Mənfəət vergisinin ödəyicisi olan şəxs hesabat ili ərzində rübdə bir dəfə olaraq Vergi Məcəlləsinin 151-ci maddəsində qeyd olunan qaydada mənfəət vergisi üzrə hesablanmış cari vergi ödənişinin məbləğini büdcəyə ödəməli, hesabat ili başa çatdıqdan sonra isə bəyannamənin təqdim olunmasınadək büdcə ilə son haqq-hesabı etməlidir.

Eyni zamanda, vergi ödəyiciləri vergi orqanına “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”ni rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq təqdim etməlidirlər.

Vergi orqanına təqdim edilməli olan hesabatlar (bəyannamələr), onların formaları və doldurulma qaydaları ilə saytımızın “Bəyannamə” bölməsində tanış ola bilərsiniz. Bəyannamələrin təqdim edilməsi ilə bağlı əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edərək xidmətlərdən istifadə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 105-ci, 108-ci, 218-ci, 220-ci maddələri.

Son xəbərlər
Digər xəbərlər