6 C
Baku
Sunday, December 15, 2024

Əkinlərini tez bəyan edən fermerlər subsidiyaları ilin əvvəlində alacaqlar

Kənd Təsərrüfatı Nazirliyi payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan edilməsi ilə əlaqədar bölgələrdə məlumatlandırma sessiyalarına başlayıb.

Banker.az xəbər verir ki, bu istiqamətdə növbəti tədbir Yevlax, Ucar və Kürdəmir rayonlarında keçirilib. Məlumatlandırma sessiyalarının məqsədi yeni aqrar subsidiya qaydaları ilə bağlı fermerləri məlumatlandırmaq, payızlıq əkinlər barədə məlumatların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan edilməsi prosesini sürətləndirməkdir. 

Payızlıq əkinlərin bəyanı prosesi 1 sentyabr – 30 dekabr tarixlərini əhatə edir. Fermerlər əkin subsidiyası almaq üçün payızlıq əkinlərini dekabrın sonuna kimi bəyan etməlidir. Əkin məlumatlarının Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində tez bəyan edilməsi monitorinqlərin daha tez başa çatmasına, subsidiyaların ilin ilk aylarında ödənilməsinə imkan verir. Öz əkinlərini son müddəti gözləmədən EKTİS-də bəyan edən fermerlər subsidiyanı ilin əvvəlində alır və aqrotexniki qulluq baxımından daha səmərəli istifadə edə bilirlər. 

10 1

Görüşlərdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev bildirib ki, aqrar sığorta sisteminin geniş tətbiq olunması ilə əlaqədar bu mexanizmin kənd təsərrüfatına subsidiyaların verilməsi prosesi ilə uzlaşdırılmasına başlanılıb. 2022-ci ildən ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olan bitkilər üzrə 10 hektardan artıq əkin sahələrinə əkin subsidiyaları 3 il ərzində aqrar sığorta olunmaqla veriləcək. Subsidiyaların alınması üçün aqrar sığorta tələbi buğda, arpa, çəltik, çay, limon, fındıq və qarğıdalı bitkilərinə şamil edilib. Aqrar sığortanın tətbiqi təsərrüfatların təbiət hadisələri və digər risklərdən sığortalanması, fermerlərin məhsullarının və gəlirlərinin qorunması məqsədi daşıyır. Aqrar sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir. 1 hektar taxıl sahəsinin sığorta haqqının fermerlər tərəfindən ödənilən hissəsi regionlar üzrə əsasən 6-12 manat arasında dəyişir. Torpaq sahəsi 10 hektardan artıq olan fermerlər öz əkinlərini sığortalamalı, əkin məlumatları ilə yanaşı, sahənin sığorta olunmasına dair məlumatı da mütləq Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil etməlidir. 

8 2

Görüşlər zamanı ümumi sahəsi 5 hektardan artıq olan sahələrdən torpaq nümunələrinin aqrokimyəvi analizinin verilməsi qaydaları, 2022-ci ildə bitkiçilik sahəsində əkin, məhsul və toxum əmsalları, pambıq, şəkər çuğunduru və tütün üzrə əkin subsidiyasının tam şəkildə məhsul subsidiyası ilə əvəzlənməsi və digər yeniliklər barədə iştirakçılara məlumat verilib, suallar ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.

7 3

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyətinin payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı növbəti məlumatlandırma sessiyası İmişli, Saatlı və Sabirabad rayonlarında keçiriləcək. Buna qədər nazirlik tərəfindən 8 rayonda analoji tədbirlər keçirilib. Tədbirlər planına əsasən, məlumatlandırma sessiyalarının payızlıq əkinlərin aparıldığı 50-dən artıq rayonda keçirilməsi nəzərdə tutulur.

6 1 1 1 7 4 1 1 10 1

Son xəbərlər
Digər xəbərlər