Prezident İlham Əliyev 2021-ci il iyulun 1-də Ələt Azad İqtisadi Zonasının (AİZ) təməlini qoyarkən bəyan edib ki, zona artıq gələn ilin iyulunda investorları qəbul etməyə başlayacaq. AİZ-in iqtisadi sistemdəki yeri və Azərbaycan üçün persektivləri barədə “vergiler.az”ın suallarını iqtisadçı Elman Sadıqov cavablandırıb:
– Elman müəllim, söhbətimizə sadə bir sualla başlayaq: AİZ-in fərqli xüsusiyyətləri nədir?
– Dünyada 1200-dən bir qədər çox AİZ mövcuddur. Bəzi ölkələrdə bir neçə belə zona yaradılıb. AİZ-lər növlərə bölünür. Ən çox yayılanı sənaye zonalarıdır. Ələt AİZ də daha çox bu qrupa aiddir. Burada sənaye müəssisələri, istehsal və emal şirkətlərinin qurulacağı planlaşdırılıb. Azərbaycanda xammalın çoxluğunu nəzərə alsaq, Ələtdə metallurgiya, polad istehsalı, inşaat sektoru və s. üçün münbit şərait var. Sənaye zonası əmək tutumluluğu və dövriyyə baxımından daha yaxşıdır. AİZ-lərin bir qrupu da elmi-texniki, informasiya texnologiyaları istiqamətindədir. Buna ən yaxşı nümunə “Silikon vadisi” adalandırılan AİZ-lərdir. Bu cür ən məşhur AİZ-lər ABŞ-da və bəzi Şərqi Asiya ölkələrindədir. Cənubi Koreyanın özü bütövlükdə “Silikon vadisi”dir. Bunlardan əlavə, dünyada 50-yə yaxın “offşor” zona var. Offşorların özləri AİZ-in bank, maliyyə xidmətlərini reallaşdırırlar. Bizim yaxşı tanıdığımız Belorusda 6 belə zona var. Dubayda “Cəbəl Ali Free Zone” çox məşhurdur, böyük dövriyyəyə malikdir.
– Bəs AİZ-lərin yaradılmasının faydası nədir?Ölkələr nə üçün buna böyük əhəmiyyət verirlər?
– Bunun bir neçə səbəbi var. Birincisi, bir çox ölkələrin qanunvericilikləri investorların tələbələrinə tam cavab vermir. Bəzi hallarda investorlar hər hansı ölkəyə gəldikdən sonra oranın qanunvericiliyi onların tələbələrinə uyğun olmur. Bəzi hallarda isə onlar özlərinin diqqətdən kənarda qaldıqlarını hiss edirlər, mübahisəli hallar yaranacağı təqdirdə veriləcək qərarlardan çəkinirlər. Ona görə də AİZ xarici investorlar üçün daha cəlbedici olur. Adətən, bu zonalarda ən mükəmməl qanunvericilik sayılan İngiltərə qanunvericiliyi dominant rol oynayır. Həmin qanunvericiliyə əsasən, iqtisadi mübahisələrdə beynəlxalq məhkəmələr dövriyyəyə girir. Ona görə də investorlar AİZ-lərdə özlərini daha rahat hiss edirlər. Bu zonalara ayrıca vergi, maliyyə güzəştləri kimi özəl güzəştlər də olur. AİZ-də fəaliyyət göstərən müəssisəyə dövlət verdiyi kreditin faizlərini subsidiyalaşdırır. Yaxud onlara göstərilən kommunal xidmətlər fərqli qiymətlərlə hesablanır. Qarşılığında dövlət orada çalışanlara müəyyən tələbələr, məsələn, minimum investisiya həcmi tələbi qoyur. Bəzi zonalarda bunun həddi 500 min, bəzilərində 1 milyon avrodur. Yaxud ixrac potensialına illik minimum hədd müəyyən olunur. Yəni burada olduqca dinamik bir prosedur işə düşür ki, bütün bunları dövlət ölkə daxilindəki müəssisələrin hamısına tətbiq edə bilməz. Bir sözlə, AİZ həm dövlətin tələbi və nəzarəti, həm də investorlar üçün münbit zona olmaq baxımından mövqeləri bir araya gətirir.
– AİZ-in yeləşdiyi məkan ölkə və investorlar üçün nə dərəcədə əhəmiyyət daşıyır?
– AİZ-in harada yerləşməsi çox önəmlidir. Adətən, AİZ-lər limanlarda və nəqliyyat qovşaqlarında salınır. Həmin zonalarda çalışan müəssisələr ixracla məşğul olduğu üçün dənizə çıxış vacibdir. Azərbaycanın dünya okeanına birbaşa çıxışı olmasa da, Xəzər dənizinin imkanlarından maksimum yararlanmaq potensialı vardır. Həm yüklərin Orta Asiyaya daşınması, həm də oradan gələn yüklərin qəbul olunaraq Türkiyə və ya Gürcüstan üzərindən (Poti limanı) Avropaya göndərilməsi baxımından ölkənin imkanları böyükdür. Ələt AİZ-in yerləşməsinin uğurlarından biri həm Bakı-Astara yolunun, həm də Bakı-Qazax yolunun üzərində olmasıdır. Başqa sözlə, Ələt AİZ həm İran və Rusiya (cənub-şimal), həm də Bakı-Tbilisi, Bakı-İstanbul (şərq-qərb) magistralının üzərindədir. Ələtin dənizin kənarında yerləşməsi, liman olması daha bir böyük üstünlükdür.
– Ələt AİZ-də hansı müəssisələr olacağı gözlənilir?
– Türkiyə, İsrail, Ukrayna, Rusiya, İtaliya, İngiltərə kimi ölkələrin şirkətlərinin Ələt zonasında böyük müəssisələr və ya öz şirkətlərinin bir qolunu açması çox önəmlidir. İş yerləri baxımından bu zona müstəsna əhəmiyyət daşıyır. Müvəffəqiyyət qazanan AİZ həm də bir müsbət nümunəyə çevrilir. Burada yüksək texnologiyalardan istifadə olunur, yüksək peşəkarlığa malik işçilər yetişir.
Bununla ölkədəki yerli şirkətlər və əmək bazarı üçün potensial peşəkar işçilər formalaşır. Bu, çox önəmlidir. AİZ-dəki iş şəraiti, işə yanaşma yerli investorlara təsirsiz qalmır. Onlar da həmin müəssisələrə bənzəyən müəssisələr yaratmağa, işlərini oradakı şəkildə qurmağa çalışırlar. Bu baxımdan, düşünürəm ki, AİZ təcrübəsinə Azərbaycanda böyük ehtiyac var.