Azərbaycanın avtomobil istehsalı sektorunda fəaliyyət göstərən “Azərmaş Group” dövriyyə vəsaitlərinin artırılması məqsədilə 10 milyon ABŞ dolları məbləğində istiqraz emissiyasını planlaşdırır.
Banker.az xəbər verir ki, Şirkət emissiyadan əldə olunacaq vəsaiti istehsalın genişləndirilməsinə yönəltməyi nəzərdə tutur.
Məlumata görə, vəsait hesabına “Jetour” markalı avtomobillərin SKD tipli istehsalına başlanılması, həmçinin VGV, JAC və VAZ markaları üzrə istehsal və satış həcmlərinin artırılması planlaşdırılır.
İstiqraz emissiyasının ümumi həcmi 10 milyon ABŞ dolları təşkil edəcək. Emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 dollar olan 100 min istiqraz buraxılacaq. İstiqrazlar üzrə illik gəlirlilik 9% müəyyən edilib və faiz ödənişləri hər 3 təqvim ayından bir həyata keçiriləcək. Tədavül müddəti 24 ay olacaq və nominal dəyərin ödənişi müddətin sonunda aparılacaq. İstiqrazların Bakı Fond Birjası vasitəsilə kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəzərdə tutulur.
Şirkətin açıqladığı maliyyə göstəricilərinə əsasən, satış gəlirləri 2022-ci ildəki 13.9 milyon manatdan 2025-ci il üzrə proqnozda 81.6 milyon manata yüksəlib. 2024-cü ilin audit nəticələrinə görə isə xalis mənfəət 9.3 milyon manatdan çox, cəmi kapital isə 16.3 milyon manat təşkil edib. 2025-ci ildə xalis mənfəət 8.48 mln. manata düşüb.
Hacıqabul Sənaye Parkının rezidenti olan müəssisənin yerli istehsal avtomobillərinin satış payının isə 82%-ə çatdığı qeyd edilib.






