“Azərmaş Group” MMC 2025-ci ilin yekununa 8.48 milyon manat xalis mənfəət əldə edib ki, bu da illik müqayisədə 9.2% azalma deməkdir.
Banker.az xəbər verir ki, Şirkətin illər üzrə xalis mənfəəti 2022-ci ildə 236 min manat, 2023-cü ildə 5.09 mln. manat, 2024-cü ildə 9.34 mln. manat olmuşdu.
Şirkətin satış gəlirləri 2025-ci ildə 81.59 milyon manata çatıb ki, bu da əvvəlki illə müqayisədə 28.2% çoxdur. Hesablamalara əsasən, ümumi xərclər isə 73.10 milyon manat təşkil edib və illik müqayisədə 41% artıb. 2024-cü ildə gəlirlərin təxminən 81.4%-i xərclərlə əhatə olunduğu halda, 2025-ci ildə bu göstərici 89.6%-ə yüksəlib.
“Azərmaş Group”un cəmi aktivləri 2025-ci ilin sonunda 47.67 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 15.2% azalma deməkdir. Aktivlərin strukturunda mal-material ehtiyatları əsas paylardan birini qoruyub saxlayıb. Ehtiyatların həcmi illik müqayisədə 50.2% azalaraq 5.05 milyon manata düşüb. Pul vəsaitləri və onların ekvivalentləri isə 2.12 milyon manata yüksələrək bir il ərzində 4.8 dəfə artıb.
Şirkətin cəmi öhdəlikləri 2025-ci ilin sonunda 22.82 milyon manat olub və bu göstərici illik müqayisədə 42.7% azalıb. Cəmi kapital isə 51.8% artaraq 24.85 milyon manata çatıb..
Hacıqabul Sənaye Parkının rezidenti olan müəssisənin yerli istehsal avtomobillərinin satış payının isə 82%-ə çatdığı qeyd edilib.







