Parisdə Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyinə dair simpoziumda iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Fransanın Yaşa Görə Milli Pensiya Sığorta Kassasının (CNAV) direktoru Reno Viyar ilə görüşüb.
Banker.az xəbər verir ki, S.Babayev ölkəmizdə sosial sahədə əldə olunan nailiyyətlərdən, əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilən islahatlardan söz açıb. Qeyd edib ki, bu gün nazirlik tərəfindən ümumilikdə 4,8 milyon insana əmək, məşğulluq, sosial təminat, sosial sığorta üzrə 120-dən çox xidmət göstərilir. Ölkəmizdə 1,3 milyon insan əmək pensiyası alır. Bundan əlavə, 480 mindən çox insan aylıq sosial müavinətlə, 50 min ailə sosial yardımla, 63,4 min insan Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə, 15 minədək vətəndaş səyyar və stasionar sosial xidmətlərlə təmin olunur. 620 mindən çox əlil şəxsə dəstək göstərilir. Ölkənin ümumi inkişafı bu sosial təminat növlərinin artımı ilə müşahidə olunur. Nazir pensiya və müavinətlər sahələrində avtomatlaşdırılmış, tam şəffaf, müasir idarəçilik və xidmət mexanizmlərinin qurulması, xidmətlərin vahid pəncərə prinsipi əsasında təşkil olunması yönündə aparılan islahatlar barədə də məlumat verib.
S.Babayev bildirib ki, Fransa ilə Azərbaycan arasında sosial müdafiə sahəsində iki Tvinninq layihəsi həyata keçirilib. “Azərbaycan Respublikasında pensiya təminatı sistemində islahatın həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsi isə Fransanın aidiyyəti qurumları ilə birgə hal-hazırda icra olunur. Nazir pensiya və digər müavinətlərin təminatı sisteminin idarə olunmasının təkmilləşdirilməsi, göstərilən xidmətlərin vahid pəncərə prinsipi əsasında təşkil olunması sahələrində Azərbaycan ilə Fransa arasında əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdırıb.
CNAV direktoru Reno Viyar ölkəsində pensiya sisteminin köhnə və çox mürəkkəb olduğunu bildirib.
“Pensiya sistemimiz köhnə və çox mürəkkəb olmasına baxmayaraq hələ də işləyir. Ancaq biz pensiya sistemimizi yeniləməliyik. Azərbaycan gənc ölkədir. Ölkənizdə bu sahədə yeni sistem qurulub. Sizin pensiya sisteminizi, xüsusilə də informasiya texnologiyalarından istifadə sahəsində təcrübənizi öyrənməkdə maraqlıyıq”-deyə R.Viyar diqqətə çatdırıb. O, ölkəsindəki sosial təminat sisteminin hazırki vəziyyətindən danışıb. Azərbaycanda pensiya təyinatının avtomatlaşdırılması istiqamətində həyata keçirilən işlərin əhəmiyyətini vurğulayan Reno Viyar iki ölkə arasında əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsində maraqlı olduqlarını bildirib. Bu istiqamətdə mövcud imkanların reallaşdırılması üçün birgə işlərin aparılacağına əminliyini bildirib.