Deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında bir qrup şəhid ailəsinin birdəfəlik ödəməni ala bilməməsi ilə bağlı problem qaldırıb.
Deputat qeyd edib ki, ölkə prezidenti mütərəqqi addım ataraq şəhid ailələrinə 11 min manat birdəfəlik müavinət verilməsi məsələsini təmin edib: “Bu çox vacib addım idi. Ancaq çox sayda adam var ki, onlar bu hüquqdan yararlana bilmir. Bildirilib ki, vaxtilə 50 min manat olan pulu alıblar. Onlar isə bunu almadığını deyir.
Vətəndaşın öhdəsinə buraxırlar ki, alıb almamaq məsələsini özlərini sübut etsinlər. Başa düşmürəm ki, onlar niyə özləri sübut etməlidir? Nazirlik deyir ki, “Azərsığorta”da sizin adınız siyahıya salınmayıb. Qurumlar öz işini görə bilmir və şəhid ailələri Milli Məclisin deputatlarının üzərinə gəlirlər. Mən onları bu gün qəbul etdim. Məmurlar öz işini yerinə yetirə bilmir. Deyirlər ki, 5 ildən bir arxivi yandırırıq. Ona görə elektron formada sənədləşməni həyata keçirmək vacib addımdır”.
Banker.az bu barədə məlumatı Qafqazinfo adlı resursa istinadən xəbər verir.
Deputat Zahid Oruc da həmkarını dəstəkləyib. O bildirib ki, konkret bu ailələrin sayı 4800 nəfərdir: “Bu qədər şəhid ailəsinə yox cavabı verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bundan narahatdır. Cənab prezident seçkilərdən sonra şəhid ailələri ilə bağlı ilahi, müqəddəs bir sərəncam verdi. Bununla göstərdi ki, şəhid və şəhid ailəsi onun üçün, dövlət üçün nə qədər müqəddəsdir. Yəni, onlar məhək daşıdır. Şəhid ailəsi bir daha ayağa qalxıb dövlət, torpaq üçün vuruşacaq. Ona görə sığorta təşkilatı tərəfindən yaradılan bu problem aradan qaldırılmalıdır. Onların bunu etməyə haqları yoxdur. Bunun üçün millət vəkillərindən, sığorta qurumundan və adıçəkilən nazirlikdən ibarət bir komissiya formalaşdırılsın və problem aradan qaldırılsın”.
Həmçinin iclasda çıxış edən Qənirə Paşayeva da həmkarlarının fikirlərinə dəstək olub.