12 C
Baku
Wednesday, December 11, 2024

Əmanətlərin Sığortalanması Fondunun pulu qurtarır

“Hazırda hesabımızda 70 milyon manat vəsait var və pulumuz bitən kimi Azərbaycan Mərkəzi Bankından (AMB) borc alacağıq”. Bunu “Report”a açıqlamasında Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Azad Cavadov deyib.

A.Cavadov bildirib ki, sığorta hadisəsi baş verən bankların əmanətçilərinə hər gün təxminən 7 mln. manat kompensasiya ödənilir: “Agent bankların hesabına da pulları köçürmüşük və bundan əlavə 70 mln. manat pulumuz var. Bu gedişlə təxminən 10 günə Fondun pulu bitəcək. Paralel olaraq biz Mərkəzi Bankla danışıqlar aparırıq. Pulun alınması Mərkəzi Bankla razılaşdırılıb və Fondun pulu bitdikdə biz borc alacağıq”.
İcraçı direktor deyib ki, AMB-dən vəsaitin cəlb edilməsi qısa müddət üçün nəzərdə tutulub və həmin kreditin məbləği və faiz dərəcəsi dəqiqləşdirilir.
Qeyd edək ki, ən son məlumata görə ləğv edilmiş banklardan ƏSF tərəfindən  “Bank of Azerbaijan”nın qorunan əmanətçilərinə 22.5 mln. manat, “Gəncəbank”ın qorunan əmanətçilərinə 675 min manat, “Texnikabank”a isə 40 milyon 100 min manatdan  artıq kompensasiya ödənilib.
A.Cavadov qeyd edib ki, “Texnikabank”ın əmanətçilərinə 123 mln. manat kompensasiya ödəniləcək: “Texnikabank”dan bizə təqdim edilən 123 166 426 manat qorunan əmanətlərin hamısı kompensasiya ediləcək. “Bank of Azerbaijan”ın isə əmanətçilərinə ödəmələrin 95 faizi bitib. İndi bu bankın əmanətçilərinə gündəlik 150-200 min manat kompensasiya ödənilir”.
Xatırladaq ki, ƏSF-nın icraçı direktoru bir müddət əvvəl keçirdiyi mətbuat konfransında “Texnikabank”ın əmanətçilərinin sığortalanan əmanətlərinin 79,344 mln. manatlıq hissəsinin qaytarılacağını, digər 43,8 mln. manatlıq hissəsinin isə qaytarılması ilə bağlı araşdırma aparıldığını açıqlamışdı.
Bank sektorunda vəziyyətin kritik olduğunu, hər gün bağlanan kredit təşkilatlarının sayının artma ehtimalının çox olduğunu nəzərə alsaq, o zaman ƏSF və əmanətçilər arasında böyük problemlər çıxa bilər.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov  bildirdi ki, bu, əslində, Əmanətlərin Sığortalanması Fondunun günahı deyil: “Fond yeni yaradılıb və indiyədək 135 milyon manata yaxın sığorta haqqı toplaya bilib. Bu isə devalvasiyadan sonra 9 milyard dollara çatan əmanətlar üçün kifayət deyil. Doğrudur, onların heç də hamısı sığortalanmayıb. Amma əmanətlərin məbləği fonunda Sığorta Fondunun büdcəsi kifayət qədər azdır, indiki kimi fors-major vəziyyətə, bir neçə bankın birdən ləğv edilməsi prosesinə hesablanmamışdı”.
Ekspertin fikrincə, hökumət bu məsələ ilə bağlı addımlar atmalı olacaq: “Mərkəzi Bank səviyyəsində kreditlərin verilməsinə ehtiyac yaranacaq.  Baxmayaraq ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanan əmanətlərə dövlət məsuliyyət daşımır. Bununla belə hazırda banklara inamın sürətlə itdiyi bir dönəmdə sığortalanan əmanətlərlə bağlı hər hansı bir problem yaşanarsa, bu, maliyyə sektoruna öldürücü zərbə ola bilər. Təbii ki, ləğv edilmiş banklarda kompensasiya olunmuş əmanətlərin geri qaytarılması üçün Fondun vəsaiti yetməyəcəyi təqdirdə, müəyyən ləngimələr olacaq. Bu zaman Fond Mərkəzi Bankın krediti ilə yanaşı, həmin bankların aktivlərinin realizə edilməsindən də istifadə edə bilər. Düşünürəm ki, sığortalanmış əmanətlərlə bağlı hər hansı bir problem çıxmayacaq”.
R.Həsənov əlavə etdi ki, yaranmış situasiya bankların ləğv edilməsi prosesini ləngidəcək: “Mərkəzi Bank yaranmış vəziyyəti nəzərə alaraq, kiçik bankların ləğv edilməsi prosesini uzada bilər. Ən yaxşı halda onları birləşməyə sövq edə bilər ki, bu da Sığorta Fondunun yükünü yüngülləşdirə bilər”.
Ekspert deyir ki, bundan sonra ƏSF da öz fəaliyyətində ciddi islahatlara getməlidir. Onun sözlərinə görə, Fond vəsaitlərinin idarəedilməsində əldə olunan gəlirliliyi yüksəltməlidir: “Eyni zamanda, müəyyən təşviqedici proqramlar nəticəsində sığortalanan əmanətlərin həcmini artırmalıdır. Ola bilsin ki, bundan sonra sığorta faizlərinin artırılması haqqında qərar verilə bilər. Artıq məhdudiyyət tətbiq edilmədən əmanətlərin bütöv sığortalanması həyata keçiriləcək. Ona görə də buna uyğun bazanın hazırlanmasına ehtiyac olacaq. Əks təqdirdə, sığorta hadisəsi baş verən zaman əsas yük dövlətin üzərində qalacaq.
Hazırda situasiyadan çıxmaq üçün Mərkəzi Bank kredit adı altında çox az faizli güzəştli vəsait verəcək. Ümumiyyətlə, bu kimi hallar sığorta şirkətlərinin, fondların başına gələn hadisələrdir. Dəfələrlə olub ki, kütləvi sığorta hadisəsi baş verməsi nəticəsində sözügedən kompaniyalar çöküb. Amma nəzərə almaq lazımdır ki, Azərbaycanda əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti dövlətin bank-maliyyə siyasətinin bir parçasıdır. Bu baxımdan fondun mövcudluğunu saxlamaq hökumət üçün prioritet olacaq. Hazırda əmanətlərin həcminin azalması fonda sığorta ödənişlərinin həcmini azaldacaq. Amma hazırda Fondun itirdiyi vəsaitlərin bir qismi quruma qayıdacaq. Belə ki, ləğv edilmiş bankların aktivlərinin realizə edilməsindən əldə olunmuş vəsaitlər ƏSF-ya qayıdacaq”.
Bəzi ekspertlər dövlətin yükünü azaltmaq, riskləri bölüşdürmək üçün özəl sığorta fondlarının yaradılmasına ehtiyac olduğunu bildirirlər. R.Həsənov isə hesab edir ki, banklar özəl fondlarla işləməkdə maraqlı olmayacaq: “Şəffaf maliyyə-bank sektoru olarsa, özəl sığorta fondları bu sferada fəaliyyət göstərə bilər. Amma nəzərə almaq lazımdır ki, Azərbaycanda bank sektorunda fərdilərdən asılılıq var. Bu baxımdan sığorta şirkətlərinin sözügedən sferada maraq göstərməsi real görünmür. Hansı məmur vəzifəsindən kənarlaşdırılırsa, onun bankının çökdürülməsi prosesi gedir. Bu zaman sığorta şirkətləri zərərlə üzləşə bilərlər. Bankların hesabatları şəffaf deyilsə, əmanətləri, kreditləri, aktivləri barədə düzgün məlumat vermirsə, o vaxt sığorta fondu həmin banklarla əməkdaşlıq etdiyi zaman risklərlə üzləşir. Risklərin çox olduğu bir dönəmdə özəl sığorta fondlarının yaradılması mümkün deyil. Ona görə də bu gün yük əsasən dövlətin üzərində qalır”.
Bizim Yol
Son xəbərlər
Digər xəbərlər