Azərbaycanda dövlət qulluğuna qəbul prosesinin bütün mərhələləri – vakansiyanın elanından və müraciətlərin qəbulundan tutmuş elektron imtahanlara və onlayn müsahibələrə qədər rəqəmsallaşdırılıb.
Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Xankəndi şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin insan resurslarının inkişafı üzrə səlahiyyətli qurum rəhbərlərinin görüşündə deyib.
Bildirilib ki, real vaxt rejimində işləyən Dövlət Qulluqçularının Vahid Reyestri fəaliyyət göstərir. Şəxsi işlərin aparılması, xidməti fəaliyyətin qiymətləndirilməsi, elektron kadr ehtiyatı, habelə qulluqçuların təlim və inkişaf prosesləri vahid rəqəmsal arxitekturada birləşdirilib.
DİM sədri vurğulayıb ki, rəqəmsallaşma özlüyündə son məqsəd deyil. Rəqəmsal həllər yalnız prosesi daha ədalətli, şəffaf, vətəndaş üçün anlaşıqlı və yoxlanıla bilən etdikdə dəyər qazanır.







