2019-cu ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 868,7 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz az vəsait yönəldilmiş, sərf edilmiş vəsaitin 74,3 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
DSK bildirir ki, bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olmuş, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 1,2 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 1,9 faiz artmışdır. Ümumi sərmayənin 66,7 faizi məhsul istehsalı obyektlərinin, 23,1 faizi xidmət sahələri üzrə obyektlərin, 10,2 faizi isə ümumi sahəsi 130,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 66,6 faizini təşkil etmişdir.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 84,1 faiz, əhalinin şəxsi vəsaitləri 5,9 faiz, bank kreditləri 5,1 faiz, büdcə vəsaitləri 4,1 faiz, büdcədənkənar fondların vəsaitləri isə 0,8 faiz təşkil etmişdir.
Qeyd edək ki, ötən ilin analoji dövründə bank sektorunun əsas kapitala yönəlmiş vəsaitlərdə payı 6,7 faiz təşkil edirdi.
2019-cu ilin yanvar ayında Bakı şəhərində Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Sumqayıt şəhərində “SOCAR karbamid” zavodu kimi mühüm əhəmiyyətli obyektlər istifadəyə verilmişdir.