Müəllif: Yeganə Məmmədova, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Ağlasığmaz sövdə
Artıq heç kimə təəccüblü deyil ki, Çin dünya bazarına keyfiyyətli malları ilə yanaşı, brend çantalardan, saatlardan tutmuş avtomobillərə qədər çox sayda saxta mallar tədarük edir. Vençjou sakini olan Lin Çunpin isə daha irəli getmiş, ABŞ-da saxta bank “yaratmışdır”. Lakin heç bir ay işləməmiş bu bank fırıldağının üstü açıldı. Indi Çunpin vergidən yayınmada ittiham olunur.
Düymə ilə başlanan ticarət
Çin biznesmeni Lin Çunpin bu ilin əvvəlindən yerli KİV-in diqqət mərkəzində olmuşdur. Fevral ayında Çin Kommunist Partiyasının rəsmi nəşri olan People’s Daily Çunpinin hələ 2011-ci ilin iyununda Amerikanın Atlantic Bank of Americа-nı 60 milyon dollara alması barədə yazırdı. Məlumatda sövdənin təfərrüatları göstərilirdi. Bildirilirdi ki, Çin sahibkarı bu maliyyə müəssisəsini hələ 2009-cu ildə almağa qərar vermişdi. Guya qlobal iqtisadi böhrandan zərər çəkmiş bu bank 2008-ci ilin sonunda müflis olmuş və Çunpin onu 2 ildən sonra almışdır. Əvvəl Atlantic Bank of Americаnın səhmdarları banka 600 milyon dollar qiymət qoysalar da, çinli Çunpin uzun sürən danışıqlardan sonra onları bankı aşağı qiymətə satmağa razı sala bilmişdir.
Çunpin Atlantic Bank of Americаya sahib olduqdan sonra onun adını dəyişir. Yeni U.S.A. New HSBC Federation Consortium Inc. bankı fəaliyyətini 2011-ci ilin noyabrından bərpa edir. Məlumatda həm də deyilirdi ki, Çunpin banka sahib olduqdan sonra, sonuncunun sözlərinə görə, bankın mənfəətliliyi qayıtmış və yaxın vaxtlarda o, hər il 700-800 min dollar qazana biləcək.
The Globe and Mail nəşri yazırdı ki, Lin Çunpin hələ yeniyetmə olarkən düymə satmaqla dolanmış, sonradan Qananın mis və qızıl mədənlərində əziyyət çəkərək pul qazanmış və sonda Çində düyü ticarəti ilə məşğul olmuşdur. Adi Çin vətəndaşının Amerika bankını alması Çunpini az qala ulduz etmişdi. The Wall Street Journal yazırdı ki, Çin mətbuatı adi Çin biznesmeninin nəhəng Amerika bankını xilas etməsi tarixinə laqeyd qala bilməmişdi. Bu, həm də ona işarə idi ki, guya dünya bazarında Çinin mövqeləri güclənir, eyni zamanda, ABŞ-ın mövqeləri zəifləyir. Vəziyyəti Çin banklarının uzun illər (və uğursuz) Amerika bazarına çıxa bilməməsi də dərinləşdirirdi. Nəticədə Çunpin nəinki mətbuatda məşhur oldu, hətta Çin Xalq Siyasi Məsləhət Şurasında (Chinese People’s Political Consultative Conference) vəzifə də ala bildi. Bu şura ÇXR rəhbərliyi yanında məşvərətçi orqandır. Bura həm Çin Kommunist Partiyasının nümayəndələri, həm də görkəmli ictimai xadimlər və biznesmenlər daxildir.
Jurnalistlərin araşdırması
The Daily Telegraph yazır ki, Çunpinin Atlantic Bank of Americа ilə sövdəsi maliyyə mövzularında yazan Çin jurnalistlərini çox maraqlandırırdı. Onların “araşdırmaları” aşkar etdi ki, Çunpinin aldığı və 85 illik tarixi olan bu bank sadəcə mövcud deyil. Belə ki, People’s Daily “Sinxua” agentliyinə istinadən yazırdı ki, maliyyə tənzimləyiciləri US Federal Deposit Insurance Corporation və Comptroller of the Currency Atlantic Bank of Americа haqqında heç bir məlumata malik deyillər. Bankın guya ki, qərargahının yerləşdiyi Delaver şəhərinin hakimiyyət orqanları bildirmişlər ki, Çunpinin “yeni bank” kimi qeydiyyatdan keçirdiyi təşkilatın sənədləri maliyyə təşkilatı deyil, adi şirkət kimi qeyd edilib.
Martda Çunpin “xarici bankları alması” barədə məlumatları şişirtdiyinə görə mətbuatda kütləvi üzrxahlıq etdi. Onun sözlərinə görə, Atlantic Bank of Americа Çunpinin almaq niyyətində olduğu bankın kod işarəsi imiş. O, yenə arxasını yerə vurmadan iddia edirdi ki, xarici maliyyə təşkilatlarının kapitalına daxil olması planları qüvvədədir. Danışıqların məxfi xarakter daşıdığını səbəb gətirən Çunpin heç bir izahat verməmişdir.
Dəmir barmaqlıqlar arxasında
Bununla belə, Çinin hakim orqanları Çunpinin üzrxahlıqları ilə kifayətlənmədi. Hələ mart ayında Vençjou rəhbərliyinin nümayəndəsi Çjan Syuntin bəyan etmişdi ki, biznesmenin hərəkətləri şəhərin nüfuzuna xələl gətirmişdir və şəhərin hakim orqanları Çunpinin bütün aktivlərini yoxlamaq niyyətindədir.
Iyunun 13-də Agence France-Presse Vençjou polisinin yaydığı məlumata istinadən bildirirdi ki, Çunpin və onun altı cinayət yoldaşı ümumi məbləği 10 milyon yuan (1,6 milyon dollar) təşkil edən vergilərdən yayınmaya görə həbs olunmuşlar. Mətbuatın yaydığı məlumatlara görə, Çunpin və onun əlaltıları Çinin 22 əyalətində mürəkkəb sxemdən istifadə edərək biznesmenə məxsus olan şirkətlər vasitəsilə saxta sövdələşmələr həyata keçiriblər. Ittihamlar sübuta yetirilərsə, Çunpinə on ilə qədər həbs cəzası düşür. Onu da qeyd etmək lazımdır ki, Çunpinə qarşı qaldırılmış cinayət işinin ABŞ-da bank almaq “xülya”sı ilə heç bir əlaqəsi yoxdur.
Müxtəlif mətbuat orqanlarında isə yeganə fikir ondan ibarətdir ki, Çunpinin əməlləri Çinin “məşhur olduğu” saxtakarlıqlar siyahısına uydurulmuş bank da əlavə etmişdir. Amma etiraf etmək lazımdır ki, hətta çinlilərin həqiqi hesab etdikləri Apple saxta mağazaları fonunda Çunpinin “fərasətinə” heyran qalmamaq olmur.