Nazirlər Kabineti “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları”nda dəyişikliklər edib.
Banker.az APA-ya istinadən xəbər verir ki, indiyə qədər Xaricdə təhsil alanların təhsili ilə bağlı xərclərin ödənilməsi üçün vəsaitlər Təhsil Nazirliyinin sifarişləri əsasında Dövlət Proqramını maliyyələşdirən qurum tərəfindən Təhsil Nazirliyinin müvafiq xəzinə hesabına köçürülüb.
Dəyişikliyə əsasən bundan sonra aricdə təhsil alanların təhsili ilə bağlı xərclərin ödənilməsi üçün vəsait Təhsil Nazirliyinin sifarişləri əsasında Dövlət Proqramını maliyyələşdirən qurum tərəfindən xarici valyuta ilə və ya sifarişin rəsmiləşdirilməsi tarixinə olan rəsmi məzənnəyə uyğun Azərbaycan manatının ekvivalenti ilə Təhsil Nazirliyinin müvafiq xəzinə hesablarına köçürüləcək. Eyni zamanda təhsil alanların bəzi xərcləri (təhsil haqqı, viza və qəbul edən ölkədə qeydiyyat xərcləri, tibbi sığorta xərcləri, ildə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərcləri) təhsil alan tərəfindən ödənildiyi təqdirdə, həmin xərclər onun təqdim etdiyi təsdiqedici sənədlər əsasında Təhsil Nazirliyi tərəfindən Dövlət Proqramını maliyyələşdirən quruma təqdim olunan sifarişin rəsmiləşdirilməsi tarixinə olan rəsmi məzənnə əsasında Azərbaycan manatı ilə ödəniləcək.
İndiyə qədər xarici valyuta ilə ödənilən bütün xərclər ödəniş tarixinə Azərbaycan manatının xarici valyutaya olan rəsmi məzənnəsi ilə həyata keçirilib. Məzənnə fərqi ilə bağlı yaranan müsbət və ya mənfi kənarlaşmalar barədə məlumat Dövlət Proqramını maliyyələşdirən quruma təqdim edilir və bu vəsait növbəti ödənişlərdə nəzərə alınıb. Dəyişikliyə əsasən isə bundan sonra Xarici valyuta ilə hesablanmış xərclər Azərbaycan manatı ilə ödənilərkən, vəsaitin köçürülməsi tarixinə olan rəsmi məzənnə ilə müvəkkil bankın sövdələşmə məzənnəsi (xarici valyutanın sövdələşmə tarixinə razılaşdırılmış məzənnəsi) arasında yaranan fərq Təhsil Nazirliyi ilə müvəkkil bank arasında imzalanmış müqaviləyə əsasən bank xərcləri olaraq tanınacaq. Bank xərcləri, eləcə də sifarişin rəsmiləşdirilməsi tarixi ilə faktiki köçürülmə tarixinə olan rəsmi məzənnələr arasında fərqlə bağlı yaranan müsbət və ya mənfi kənarlaşmalar barədə məlumat Dövlət Proqramını maliyyələşdirən quruma təqdim ediləcək və bu vəsait növbəti ödənişlərdə nəzərə alınacaq.