2 C
Baku
Saturday, December 14, 2024

1 tondan artıq şəkər tozu və qənd marketlərdən geri çağırılıb

Ticarət şəbəkələrində satışı həyata keçirilən bir sıra istehsalçılara məxsus qənd məhsulu partiyalarının qida sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı, kükürd dioksid (SO2) miqdarının laborator sınaqların nəticələrinə əsasən normadan artıq olduğu müəyyən edilib.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Qeyd olunan nöqsanların aradan qaldırılması və qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə Agentlik tərəfindən qanunvericiliyə uyğun müvafiq tədbirlər həyata keçirilərək normativ sənədin tələblərinə cavab verməyən həmin məhsul partiyalarının ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı istehsalçılara, eyni zamanda ticarət şəbəkələrinin rəhbərlərinə həmin məhsulların satışdan çıxarılaraq istehsalçılara geri qaytarılması barədə icrası məcburi göstərişlər verilib.

Görülmüş nəzarət tədbirlərinin nəticəsi olaraq, həmin şirkətlər tərəfindən cari ilin aprel-sentyabr aylarında 1097,25 kq məhsul geri çağırılıb ki, bunlardan fiziki şəxs Kərimov Əfqan Bəhşir oğlunun istehsal etdiyi 371,3 kq, “Bolluq” MMC tərəfindən istehsal edilən 169,2 kq, “Şam Fi İnternational Trading Company” MMC tərəfindən emal edilən 6,75 kq qənd partiyası məhv edilib, 347 kq məhsulun isə məhv edilməsi ilə bağlı qərar qəbul olunub. Eyni zamanda fiziki şəxs Babayev Nazim Səyyaf oğluna məxsus anbarda saxlanılan 5109 kq, həmiçinin satış şəbəkəsindən geri çağırılmış 200 kq qənd məhsulunun təkrar emala göndərilməsi barədə qərar qəbul edilib.

Ticarət şəbəkələrində keçirilmiş təkrar monitorinqlər zamanı isə 20 nümunə götürülərək müayinəyə cəlb edilib. Müayinə nəticəsinə əsasən, əvvəl uyğunsuzluq aşkarlanmış 6 istehsalçıya məxsus 9 nümunədə kükürd dioksidin kütlə payı normadan artıq müəyyən edilib.

Bununla əlaqədar, müəssisələrin 3-də plandankənar yoxlama aparılıb, 2 müəssisədə (“Şüvəlan Şirniyyat” ASC və fiziki şəxs Mənsimov Məmməd Adil oğlu) aşkar edilmiş uyğunsuzluqlarla əlaqədar  istehsalın dayandırılması və kükürd dioksidin miqdarı normadan artıq müəyyən edilmiş məhsulların geri çağırılması, 1 müəssisədə (fiziki şəxs Kərimov Əfqan Bəhriş oğlu) isə aparılmış yoxlama çərçivəsində ticarət şəbəkəsində aşkar edilmiş uyğunsuz məhsul partiyasının geri çağırılması ilə bağlı “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar”lar qəbul edilib.

Uyğunsuzluq aşkar edilmiş 1 nümunənin istehsalçısı barədə məlumat hüquq mühafizə orqanlarına göndərilib və həmin məhsul partiyasının satışının qadağan edilməsi və satışdan kənarlaşdırılması ilə bağlı ticarət şəbəkəsinin rəhbərinə müvafiq göstəriş verilib. Uyğunsuzluq aşkar edilmiş digər 2 müəssisədə (“Bolluq LTD” MMC və fiziki şəxs Kərimov Cavid) təkrar plandankənar yoxlamanın keçirilməsi nəzərdə tutulub. Məhsulların satışdan kənarlaşdırılaraq istehsalçıya geri qaytarılması və Agentliyə bu barədə məlumat verilməsi ilə bağlı ticarət şəbəkələrinin rəhbərlərinə rəsmi məktub ünvanlanıb.

Normativ sənədin tələblərinə cavab verməyən qəndlər və onların istehsalçıları barədə MƏLUMAT

Məhsulun istehsalçısı Əmtəə nişanı İstehsal tarixi Çəkisi
(qr)
1 “Şüvəlan Şirniyyat” ASC “Abşeron qənd” kəllə qənd 27.01.2022 1×600
2 “Yek dad” kəllə qənd 28.01.2022 1×150
3 “Yekdad” sweet as honey 02.04.2022 1×1700
4 “Bol qənd” kəllə qənd 20.04.2022 1×700
5 f/ş Kərimov Əfqan Bəhriş oğlu “Dişləmə” kəllə qənd (yaşıl) 26.06.2022 1×700
6 f/ş Nadirov Tofiq Həmid oğlu “Əsl tam” kəllə qənd 01.04.2022 1×700
7 “Bolluq LTD” MMC “Bəyaz” 16.05.2022 1×600
8 Kərimov Cavid Əliyar oğlu “Kəhriz” 12.11.2021 1×600
9 Mənsimov Məmməd Adil oğlu “İlğım” ağ qənd 29.08.2022 1×800
Son xəbərlər
Digər xəbərlər