Küçə yarmarkasından 10 funt sterlinqə alınmış brilyant qaşlı üzük Londonda Sotheby’s hərracında 656 min funt sterlinqə (847 min dollar) satıldı.
Banker.az xəbər verir ki, hərrac başlamamışdan əvvəl üzük ilkin olaraq 350 min funt sterlinq dəyərində qiymətləndirilmişdi.
Üzüyün sahibi olan qadın bu üzüyü təqribən 30 il əvvəl Londonda küçə yarmarkasından əldə edib. O uzun illər boyu bu daşın adi daş olduğunu zənn edirdi. Belə ki, bu qaş ağ rəngdə idi və qadın onun 26,27 karatlıq brilyant olduğunu ağlına belə gətirmirdi.
Hərrac mütəxəssisləri qeyd edib ki, brilyantın parıldamaması səbəbindən qadın onun əsl almaz olduğuna inanmayıb. Qeyd edək ki, XIX əsrdə qiymətli daşların cilalanması təkmil şəkildə həyata keçirilmirdi və bu səbəbdən də bu dövrün almazları xüsusi parıltı ilə fərqlənmir.
Beləliklə, qadın 30 il ərzində daşın əsl qiymətindən xəbəri olmadan ondan istifadə edib və bu yaxınlarda bir zərgər daşın kifayət qədər baha ola biləcəyi barədə onu xəbərdar edib. Bununla da, üzük Sotheby’s mütəxəssislərinin əlinə düşüb.