5 C
Baku
Saturday, December 14, 2024

“10 ildə 220 milyon manat qazanmışdım, talasaydım elə onu talayardım”

“Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı məhkəmə araşdırması davam edir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən bugünkü iclasda təqsirləndirilən şəxsin vəkili Pərviz Məmmədov vəsatət qaldıraraq hazırda həbsdə olan vəkil Elçin Sadıqovun iştirakı olmadan keçirilməsinə etiraz edib: ” Elçin Sadıqov bu işdə əsas vəkildir. Bütün müdafiəni onun üzərində qurmuşuq”.

Digər vəkil Zibeydə Sadıqova və təqsirləndirilən şəxs də vəsatəti müdafiə edib.

Məhkəmə bir vəkilin iştirakını yetərli hesab edərək vəsatəti təmin etməyib.

Bundan sonra təqsirləndirilən şəxs vəkillərinin suallarını cavablandırıb.

Müdafiəçi ilk olaraq Rasim Məmmədovdan “Baku Steel Company”dən əvvəlki iş fəaliyyətini və gəlirlərinin sözügedən şirkəti almağa necə kifayət etdiyini soruşub.

Təqsirləndirilən cavabında 2002-ci ildən 2009-cu ilə qədər Azəri-Çıraq-Günəşli platformasında tikintidə idarə rəisi olduğunu, təkcə ordan kifayət qədər qazandığını deyib: “Şirkətin rəhbəri olmazdan əvvəl də yaxşı qazancım var idi, mən hələ 26 yaşımda 1 milyon qazanmışdım”.

Bundan sonra vəkil Rasim Məmmədovdan özgə əmlakını talamaq yolu ilə külli miqdarda mənimsəmə etməsi ilə bağlı verilmiş ittihama aydınlıq gətirməsini istəyib.

“İttihamda sizin metal emalından 32 milyon mənimsəmə etdiyiniz göstərilib” – deyə müdafiəçi sualına əlavə edib.

Rasim Məmmədov bu epizodla razılaşmayıb:

“Baku Steel Company ” 10 ildə 220 milyon manat, disritribütorlar isə 10 milyon manat qazanıb. Talasaydım elə onu talayardım. “Baku Steel Company”də bütün Azərbaycanda tanınmış şəxslərin qohumları işləyib, bunu heç kim gizlədə bilməz. Bir adam üzə çıxıb desə ki, mən onun əmlakını talamışam, mən ondan üzr istəyərəm”.

Vəkil Pərviz Məmmədovun “Heç olubmu ki, kimsə sizə metal verib və deyib ki, bunu rəsmiləşdirmə?” sualına təqsirləndirilən şəxs cavab vermək istəməyib.

Prosesin davamında müdafiəçi Rasim Məmmədova yalançı sahibkarlıqla bağlı ittiham üzrə sual verib. İttihama görə Rasim Məmmədov yalançı sahibkarlıq edərək külli miqdarda mənimsəmə edib.

Təqsirləndirilən şirkətləri iş görmək məqsədi ilə açdığını, buna görə də heç bir şirkətini öz adına rəsmiləşdirmədiyini bildirib.

Vəkil Zibeydə Sadıqova isə ittiham olunan şəxsdən həbs olunmazdan əvvəl “Baku Steel Company”də yeyinti olması barədə ona kiminsə nə isə deyib-deməməsini soruşub.

Rasim Məmmədov suala bir cümlə ilə cavab verib: “Onu kim deyə bilərdi ki, mənə?”

Rasim Məmmədov vəkilinin “Baku Steel Company”nin Müşahidə Şurası ilə yığışıb müzakirə aparmısınızmı? sualına isə bir qədər aqressiv cavab verib: “Onlar kim idi ki, mən onlarla oturub vaxtımı itirim?”

Təqsirləndirilən şəxs “Bakı Oksford Məktəbi”nin faktiki rəhbəri olduğu vaxt “Baku Steel Company”də metal alqı-satqısı olub-olmaması ilə bağlı suala da təkzibedici cavab verib.

İclasın sonuna yaxın sədrlik edən yenidən Rasim Məmmədovun “Baku Steel Company”ni öz adına rəsmiləşdirmədiyini deməsinə qayıdıb: “Burda deyirsiz şirkət mənim adıma deyil, amma saytların birində açıq-aydın oranın sizin adınıza olduğunu demisiz”.

Mühakimə olunan şəxs əvvəlki fikrində qaldığını deyib.

İclasın sonunda zərərçəkmiş şəxsin vəkili ittiham olunan şəxsdən Hövsan Dəniz Limanının alınması üçün pulu kim verdiyini soruşub.

Rasim Məmmədov “O sualı verənin biri bura gəlib çıxa bilməyib. Siz nəyə görə soruşduz başa düşmədim”, – deyə cavab verib.

Proses sentyabrın 19-u davam edəcək.

Xatırladaq ki, Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

 

 

MənbəApa.az
Son xəbərlər
Digər xəbərlər