150 il həbs cəzası ilə məhkum edilən ABŞ tarixindəki ən böyük investisiya fırıldağının rəhbəri Bernard Medoff 82 yaşında həbsxanada ölüb.
Banker.az bu barədə “RBk”ya istinadən xəbər verir.
Vəkilin sözlərinə görə, Şimali Karolinada cəza çəkən Medoff böyrək xəstəliyindən əziyyət çəkib.
Onun qurduğu maliyyə piramidası 20 ildən çox fəaliyyət göstərib, 136 ölkədən olan 37 mindən çox insan onun qurbanına çevrilib.
50 il ərzində Medoff Uoll-Stritdə 22 yaşında öz firmasını quran və 1990-cı ildə “Nasdaq”ın sədri seçilən böyük maliyyə meneceri kimi tanınıb. Lakin 2008-ci il maliyyə böhranı zamanı qalmaqal baş verdi. Medoffun uzun illərdir müştəriləri üçün heç bir müqavilə bağlamadığı, investorların vəsaitlərini bank hesabına yatırdığı və klassik piramida qurduğu ortaya çıxdı. Bütün investisiya “gəlirliliyi” ilə bağlı hesabatların isə saxla olduğu başa düşüldü.
Məhkəmədə Medoff günahkar olduğunu etiraf edib və hərəkətlərindən təsirlənən insanlardan üzr istəyib.
Onun kiçik qardaşı Piter Medoff “Madoff Investment Securities” fondunda korporativ idarəçilik və nəzarət direktoru vəzifəsini icra edib və on il həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, Medoff fırıldağının qurbanları arasında ABŞ, Fransa, İspaniya, İtaliya, Hollandiya və İsveçrənin iri və orta bankları, maliyyə və investisiya şirkətləri, sığorta və xeyriyyə fondları var.