Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan ana müxalifət partiyasının lideri Viktor Medvedçukun saxlanıldığını açıqlayıb. Zelenski Medvedçukun ruslar tərəfindən əsir götürülən ukraynalılarla dəyişdirilməsini təklif edib.
Banker.az xəbər verir ki, Zelenski Telegram-dakı paylaşımında Medvedçukun qolları qandallı şəklini paylaşıb. Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) xüsusi əməliyyat keçirdiyini bildirən Zelenski, “Təbriklər! Təfərrüatları sonra paylaşacağıq” – deyə, qeyd edib.
Ukraynanın ikinci ən böyük partiyası kimi tanınan Həyat üçün Müxalifət Platformasının lideri kimi tanınan Medvedçuk vətənə xəyanətdə şübhəli bilinərək 2021-ci ilin mayında ev dustaqlığına məhkum edilmişdi. Ölkədə müharibə başlayandan sonra ev dustaqlığından qaçdığı deyilən Medvedçukun qızının xaç atasının Putin olduğu iddia edilir. Medvedçuk Putindən bəhs edərkən “dostum” ifadəsini işlətmişdi. İşğaldan öncə Moskvanın Ukraynada Zelenski hökümətini devirərək yerinə Medvedçuku gətirmək istədiyinə dair xəbərlər çıxmışdı.